“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilir

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Yunus Əmrə İnstitutunun "Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri" mövzusunda birgə keçirdiyi elmi-praktik konfrans öz işinə başlayıb. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki,  Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.

İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir. Ceyhun Məmmədov daha sonra İslam dininin müsəlmanları elm öyrənməyə, birliklərini artırmağa təşviq etdiyini bildirib.

Aİİ rektoru çıxışdında azərbaycanlı alimlərin - Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimlərin islam mədəniyyətinin formalaşmasında yaxından iştirak etdiyini qeyd edib.

Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir tədbirin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, İslam dünyası bu günədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib. Dünyanın bir çox müsəlman ölkəsində fəaliyyət göstərən bu elm adamları bugünkü tərəqqinin bünövrəsəni təşkil edirlər.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov VIII-XIII əsrlərdə İslam ölkələrində elmə verilən böyük qiymət sayəsində bir sıra alimlərin yetişdiyini və onların dünya mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev İslam meydana gəldiyi dövrdən etibarən, savadsızlığa, cəhalətə, mövhumata qarşı mübarizə apardığını, müsəlmanları elmə, təhsilə, maariflənməyə, onu yaymağa, alimlərə hörmət bəsləməyə çağırdığını vurğulayıb.

Konfrans öz işini panellərlə davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31