Ölkədə söz, məlumat azadlığı, plüralizm media üçün yeni-yeni imkanlar açır
Ölkədə söz, məlumat azadlığı, plüralizm media üçün yeni-yeni imkanlar açır
29 Noyabr 2019 16:26 SosialÖlkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması üçün həm mükəmməl qanunverici baza yaradılıb, həm də bunun üçün ciddi siyasi iradə mövcuddur.
Cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşləri daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Plüralizm bütün bunların düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi münaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Demokratik idarəetmə forması fikrin azad ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların ictimai və siyasi həyatda iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyil. İnformasiya daşıyıcısı və yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri demokratik, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir.
Azərbaycan siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Bu gün Azərbaycanda həm siyasi, həm dini, həm də mədəni plüralizm mövcuddur. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, bunların bariz nümunəsidir.
Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşmasına, baxışlarını, bu və digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Bu gün siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi. Paytaxt Bakı siyasi plüralizm meydanına çevrilib.
Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictimai-siyasi təsisatların tam sərbəst fəaliyyətindən ibarətdir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bu gün ölkəmizdə həm siyasi partiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir.
Bugünkü Azərbaycan mediası böyük bir inkişaf yolu keçib. "Əkinçi"dən başlayan ənənələr keçən əsrin əvvəllərində, Xalq Cümhuriyyəti dövründə, sovet Azərbaycanı zamanında və son vaxtlar -müstəqillik illərində daha da inkişaf etdirilib. Xüsusilə də müstəqillik illərində mətbuatımız üzləşdiyi sınaqlardan üzüağ çıxa bilib, dünyadakı proseslərə, texnoloji yeniliklərə adekvat reaksiya verib. Üzləşdiyi çətinliklərə sinə gərib, özünütənzimləmə mexanizmi formalaşdırıb. Bu gün Azərbaycanda KİV haqqında mükəmməl qanunvericilik var. Kütləvi informasiya vasitəsi təsis etmək proseduru son dərəcə sadələşdirilib. Bu gün Azərbaycanda oturuşmuş qəzetlər, informasiya agentlikləri, internet portallar formalaşıb. Bu media strukturları özlərinin maddi-texniki bazasını formalaşdırıb. Bütün bunlar Azərbaycanda medianın durumunu müsbət qiymətləndirmək üçün kifayət qədər əsaslar verir.
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı. Yüksək səviyyədə inkişafı, söz və fikir azadlığının genişlənməsi ötən əsrin sonlarına təsadüf edir. Ölkənin demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi. Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə ulu öndər jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib. Vaxtilə Azərbaycanda yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı.
Sevindirici hal ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir. Bu sahədə həyata keçirilən tədbirlər və KİV-in inkişafına yaradılan şərait tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə təmin olunur. Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı dövlət qayğısı ilə hərtərəfli təmin olunub. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli binanın inşası, ildə iki dəfə çap mətbuatına qrantların ayrılması, ayrı-ayrı dövlət qurumları ilə birgə həyata keçirilən layihələr mətbuatımızın maddi-texniki bazasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı oldğu açıq-aşkar görünür.
Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Elə bu səbədən dövlət daim mətbuatın problemlərini diqqət mərkəzində saxlayır, onların müstəqil fəaliyyət göstərməsi üçün maliyyə vəsaiti ayırır.
Ölkədəki söz, məlumat azadlığı, plüralizm media üçün yeni-yeni imkanlar açır. Ciddi, oturuşmuş media vasitələri yaradılmış bu şəraitdən maksimum yararlanmağa, ölkənin inkişafına töhfə verməyə çalışır. Üzləşdiyimiz problemlər, müzakirə tələb edən mövzular daim mətbuatın diqqət mərkəzində olur.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir