İlahiyyat İnstitutunda görüş keçirilib
İlahiyyat İnstitutunda görüş keçirilib
29 Noyabr 2019 12:55 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və prof. Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun 29 noyabr 2019-cu il tarixdə birgə keçirdiyi "Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri" mövzusunda konfransın iştirakçıları Aİİ-ni ziyarət ediblər. "OLAYLAR"-a təhsil ocağından bildfirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında qonaqlara məlumat verib.
C.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlət-din siyasətini böyük uzaqgörənliklə davam etdirir. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.
Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir, tələbələrin bütün ehtiyacları dövlət tərəfindən qarşılanır.
C.Məmmədov bildirib ki, ali təhsil müəssisəsində bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında - 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.
Konfrans iştirakçıları Azərbaycan İlahiyyat İnstitutu ilə yaxından tanış olublar. Onlara Aİİ-nin fəaliyyət istiqamətləri, məqsədləri haqqında geniş məlumat verilib. Aİİ-nin kitabxanasını ziyarət edən konfrans iştirakçılarına burada 16000-dən çox kitabın saxlanıldığı bildirilib.
Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb.