“Ermənistanın sarkal coğrafiyası” - saxta, uydurma, xəstə mifik təsəvvürlərin əsassızlığı

“Ermənistanın sarkal coğrafiyası” - saxta, uydurma, xəstə mifik təsəvvürlərin əsassızlığı

Əvvəli 15 noyabr tarixli sayımızda  

https://olaylar.az/news/sosial/358215

(V məqalə)  

 

"Arcax - zəbt edilmiş ərazi deyil, qəhrəmanlarımızın qanı bahasına qaytarılmış  doğma Vətənimizdir. Bütöv və birləşmiş Ermənistanın yaradılması Arsaxın Ermənistana birləşdirilməsindən başlayır. Bu adi şüar deyil, həyat amalımızdır." (ermənilərin Kilikiya evinin baş keşişi  bedros keşişyanın   (I aram, 1947) 26 may 2019-cu il tarixli çıxışından.)

Qərbi  Azərbaycanın sərhədləri  hüdudunda  yayılmış  yerli müsəlman-türk kökənli əhalisinin ibadət-ziyarət ocağı kimi müqəddəs ruhsal-duyğusal, sarkal düşüncə məkanlarının zənginliyi həm də dini-irfanı dünyagörüşünə  yiyələnmiş din xadimlərinin, irfan nümayəndələrinin, sarkal duyğu daşıyıcılarının  minilliklər boyu çəkdikləri zəhmət hesabına mümkün olmuşdur. Coğrafi məkan baxımından qədim Türk ruhsal və Alban məbədlərinin yerləşdiyi bu ərazilər, onlara bitişik əski məzarlıqlar (maddi-tarixi nümunələr timsalında) nəzərə alınmaqla kökənli müsəlman-türk əhalisinin dini-sarkal irsinin  paylanması və bu zənginliyin miqyası ayrı-ayrı nahiyələr üzrə fərqli olsa da, ümumilikdə bütün bölgənin yaşayış məntəqələrini əhatə etmişdir. Sonrakı yüzilliklərdə bu maddi-mənəvi xəzinəyə əlavə edilmiş məzar daşları, ilahi ruhun-duyğların sığındığı ocaqlar, türbə və məbədlər, müqəddəs ziyarətgahlar, dua edilən məqamlar  və  pirlər... bölgə əhalisinin duyğusal dərketmə  səviyyəsinin zənginləşməsinə, nəsildən-nəsilə müqəddəs əmanətlə ötürülməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd edildiyi kimi, bu sahədə yerli din xadimlərinin, bu maddi-mənəvi irsin qoruyucularının (həm də  həyatları hesabına) də böyük zəhməti olub.

Bu baxımdan  Mehri, Qarakisə və Amasiya  nahiyələri də  istisnalıq  təşkil etmir. Hətta bu ərazilərdə bir sıra yer adları mistik-sarkal mənalar daşıyır.  Belə ki, Mehri nahiyəsinin Nüvədi kəndində "Seyid ocağı", Amasiyanın  Molla Musa kəndi, Güllübulaq və Oxçuoğlu kəndlərində  "Seyidlər ocağı", "Kilsə yeri"... bu kimi toponimlər məhz müsəlman-türk qövmünə məxsus və  minilliklər boyunca yaşatdığı tarixi-coğrafi səciyyə daşıyan dini-irfani ünvanlardır.

Mehri nahiyəsinin Əlidərəsi kəndində  Kərbəlayi Allahyar Qulu oğlu (1830-1945) ərəb-fars dillərini mükəmməl bilməklə yanaşı həm də  "Hafizi-Quran" idi. El arasında dini-irfani təlimlərlə məşqul olurdu. Onun bacısı uşaqları Mir Haşım, Mir Məhəmməd, Mir  Sadıq, Mir Adil (o, müharibədən geri qayıtmamışdır) bu təlimlə dini təhsilə yiyələnmiş və ətraf kəndlərdə böyük hörmət sahibi olmuşlar. Mir Haşım rus dilini də mükəmməl bilmiş, şəriət dərslərində dünyəvi bilgiləri də  tədris etmişdir.

1930-cu illərdə bu ailələrə qarşı  hay kilsəsi və  hay-daşnak hakimiyyəti tərəfindən güclü təzyiqlər edildiyindən onlar məcburi surətdə Gəncə şəhərinə köçürülmüş və orada "Qarabağlar məhəlləsi"ndə yaşamışlar. Atasından hərtərəfli təhsil almış Fatimə Mir Haşım qızı (1916-1993) bu şəhərdə də dini-irfani təlimlərlə  məşğul olmuşdur.

"Gıhı dərəsi"  Mehri nahiyəsində iri ərazilərindən biri olmaqla bir sıra kəndləri özündə birləşdirir. Bu kəndlərdə məşhur din xadimləri az olmayıb. Kurud  kəndində  (Gıhı kəndindən 7 km aralı) mükəmməl dini təhsil alan Hacıyevlər ailəsi mahalda  xüsusi hörmətlə seçiliblər. Hay-daşnak hakimiyyətinin təzyiqi ilə 1937-ci ildə  Molla Hacının atası həbs edilmiş, bir neçə ildən sonra buraxılsa da, sarsıntıya dözməyərək 1940-cı ildə vəfat etmişdir.

Tülülü kəndinin (Gıhı kəndindən 4 km aralıda yerləşən)  İsmayılovlar nəslinin Cənubi Azərbaycanda  dini təhsil almış nümayəndələri (Molla İsmayıl və babası) ərəb-fars dillərinə, dini biliklərə dair kənd mərəsələrində tədrislə məşğul olmuş, savadlı din xadimləri yetişdirmişlər.

Gıhı kəndinin tanınmış savadlı din xadimlərindən  Molla Gəncəli Məmməd oğlu Məmmədov (1843-1927) və Molla Fərzalı Piriş oğlu  Piriyev (1846-1933) "Gıhı dərəsi"nin kəndlərində dini-irfani təlimlərin keçirilməsində, milli ibadət və mərasimlərin təşkilində, bölgənin sarkal maddi-mənəvi irsinin təbliğatçıları kimi çıxış etmişlər.

XIX əsrin 80-ci illərində Təbriz mahalından Mehri nahiyəsinə köç edən qardaşlar - Mir Mahmud Ağa, Seyid Mirata və Mir Bağır Ağa Nüvədi və  Əlidərəsi kəndlərində məskunlaş, kənd mədrəsəsi açmış və orada orada şəriət dərsləri keçmişlər. Onların şəcərə davamçıları hər iki kənddə "Seyid ocağı"nın mühafizəçiləri - mücörüləri (Əlidərəsi kəndində Seyid Mir Kazım Mir Mahmud Ağa oğlu (1891-1926) olmuşlar.

1930-cu illərin milli faciəvi represiya həbslərini yaşayan Qərbi Azərbaycanın din xadimlərindən biri də Kurud kəndində (Gıhı kəndindən 7 km aralı) dini-irfani təlimlər ocağının banisi, Cənubi Azərbaycanda ali-dini təhsil görmüş  Axund Hacı (Hacıyevlər nəslinin ulu babası) olmuşdur. Onun həbs edilməsinə daşnak hay kilsəsi və hakimiyyəti də maraqlı idi, qısa müddətdə həbs edilsə də, sonradan buraxılmış və gizli də olsa irfani təsəvvüflərini davam etdirmişdir.

Zəngəzur bölgəsinin Qarakisə (sonralar Sisyan adlandırılıb) nahiyəsinin Urud kəndi də tarixi-coğrafi və maddi irsinin qədimliyi ilə fərqlənməklə el hörmətinə layiq olan ruhsal-irfani din xadimlərinin yeri kimi də məşhur olmuşdur. Bu kənddə Seyid Mir İsmayıl Mir Qafar oğlu (1874-1954) "Seyid ocağı" kimi tanınan və bölgənin sarkal irs nümunəsi olan bu şəxsin qəbri üzərində tikilmiş gümbəz 1988-1990-cı illərdə hay-daşnak quldurları tərəfindən dağıdılımışdır. 1920-1930-cu illərin repressiya illərində dini-irfani ədəbiyyat nümunələrinin, kitablarının qoruyucusu olan  Molla Tahir Rəfi oğlu (1878-1963) bu əsərləri arı pətəklərində gizlətməyə məcbur olsa da, 1950-ci illərdə həbs edilmişdir. Cənubi Azərbaycanda və İraqın Nəcəf şəhərində mükəmməl dini təhsil almış Mirzə Hüseyn Tahir də (1865-1937) siyasi təqiblərdən yaxa qurtara bilməmiş, onun qiymətli dini ədəbiyyat kitabları Bazarçay çayında məhv edilmişdir. Bu barədə kəndin yaşlı sakinlərindən Həşim Tahir oğlu (1870-1956) Muradxan Həşim oğluna (1926) bildirmişdir.

Amasiya nahiyəsinin  Güllübulaq kəndindəki "Seyidlər ocağı"nın banisi Cənubi Azərbaycandan iki əsr əvvəl bu yerə köçmüş Seyid  Muxtar qoyub. O, altı qardaşdan biri kimi təkcə  bu kənddə kiminsə təsərrüfatında çalışıb, çox dindar və əmin bir kəs kimi  hörmət qazanıb. Kiçik qardaşı onun dalınca gələndə kənd camaatına məlum olub ki, Muxtar   Hz. Məhəmmədin şəcərə davamçılarındandır. Bir neçə il tək yaşadıqdan sonra bu kənddən Gülbahar adlı xanımla ailə qurub, iki oğlu (Ələsgər, Ələkbər) və bir qızı  (Havabəyim) olub. Bu nəsilin yurd yeri indinin özündə elin-obanın ziyarət etdiyi və iman gətirdiyi ocaqlardan biridir.

Bu kənddə  başqa bir ocaq isə "Seyid Əyyub ocağı" idi.

Ümumiyyətlə, Güllübulaq kəndi  Qərbi Azərbaycanın zəngin dini-sarkal və irfani düşüncə tərzinə malik məkanlarından idi. Təsadüfi deyil ki, bu kənddə olan axundlar - Kərbəlayi İsmayıl Məşədi Əhməd oğlu, Hacı Əli Kərbəlayi Abbas oğlu, Hüseyn Məşədi Rza oğlu, Məhəmməd Məmmədhəsən oğlu, Abdulla Hacı Əli oğlu (1927-ci ildə 25 yaşında vəfat edib, Xoy şəhərində ali dini rütbə (müştəhid) almışdır), eləcə də  Hacı Rəsul Məşədi Adıgözəl oğlu  mükəmməl dini təlimlərin tədrisini, irfani təlim-tərbiyənin təbliğini açdıqları məktəblərdə-mədrəsələrdə həyata keçirmişlər. Bu təlimlərdə kəndin qadınları da  (Surə Qurbanova, Fatma Ağakişiyeva, Əmənə və  Həlimə Hüseynova bacıları) dini diliklərə yiyələnmişlər. Mədrəsələrdə dini təhsili  başa vuranların əlinə "Qurani-Kərimi" bağlayardılar,  qohum-əqrabalar bu münasibətlə onlara hədiyyələr verərdilər.

Bu  mövzulu söhbətləri kənd sakini Fatma Niftalı qızı (1892-1979) daha çox edərdi.

Nahiyənin Qaraməmmədli kəndi (1980-cı ildə bu toponim haylar tərəfindən dəyişdirilərək "Meğraşed" adlandırılıb, mənası "çox ballı yer" deməkdir) Qərbi Azərbaycanın Türkiyə Cumhuriyyəti ilə (Kars vilayəti hüdudlarında) sərhəddə yerləşir (1 km aralıda). Əhalisi əsasən  "Seyid ailələri" olub, dini ibadətlərə üstünlük veriblər. Lakin 1830-cu illərdə şar Rusiyasının fitvası ilə buraya Cənubi Azərbaycandan köçürülərək məskunlaşdırılan 20-30 hay ailəsinə etiraz əlaməti kimi "govurlarla bir yerdə yaşamaq" istəməmiş və köçüb 12-13 km aralıda yerləşən Əhmədabad kəndində  (indiki Gümrü şəhərində) yurd salmışlar.

Qədim Albaniya dövlətinin türkdilli tayfalarının əski ocağı kimi Güllübulaq kəndi  Gümrü-Arpagöl yolu üstündə yerləşməklə Gümrü şəhərindən 12-13 km cənubdadır. Bu kənd həm də dini təhsilin, mədrəsə təliminin, ruhsal-duyğusal tərbiyənin təşəkkül tapdığı yaşayış məntəqələrindən biri olub, XVIII- XX əsrlərdə. Bu kəndin "Hüseynli tayfası"nın  ağsaqqalı Hacı Rəsul                 oğlunun (1768-1847) vəsiyyətinə görə, ulu əcdadlarının Cənubi Azərbaycandan bu yerlərə köç etməsinə  bir səbəb  də Alban məbədinin ibadət yeri kimi yararlığı idi.

Keçən əsrin əvvəllərində bu kənddə  Cənubi Azərbaycandan gələn Məhəmməd Sadiq bin Məmməd Qasım oğlu  Məmməd Qərib oğlunun evində yaşayıb və mədrəsədə şəriətdən dərs keçib, kəndin məclislərində iştirak edib, "Qurani-Şərif"in fəzilətlərini təbliğ edib, hafizlərin yetişməsində xidməti olub. Məmməd Qasım oğlunun həyat yoldaşı sadabəyim xanımın dediyinə görə  Molla Məhəmməd öz doğma yurduna qayıdanda gecə ikən üstündə "Bismillah" yazılmış rəsmi yadigar olaraq bizə verdi, oğlum İbrahimə həmin rəsmi rəngləməyə kömək etdi. Bu rəsm hazırda ocağın nəvəsi Molla Paşa Qərib oğlunun (1929) evində saxlanılır. Sovet hakimiyyəti illərində də dini-tədris və irfani təlimlər  unudulmamıdır. Bu sahədə Molla Mahmud Məhəmməd oğlunun (1882-1973) əməyi böyük olmuşdur. O,  Axund İsmayılın yanında mükəmməl təhsil almışdır, güclü səsi və yanıqlı avazı, "Qurani-Hafiz"  olub, ərəb-fars dillərini mükəmməl bilirdi.  Son illərində təəssüflə deyirdi:

-Mən heyfslənirəm ki, bildiklərimi çoxlarına öyrədə bilmədim, məndən az öyrəndilər.

Əslən bu kənddən olan Nizami Hüseyn oğlu Məmmədov (1958)  xatırlayır ki, Axund İsmayılın dini savadı yüksək olsa da, tələbkarlığı da vardı, şagirdlərindən olmuş  ata babam Molla Mahmud "Quranı-Kərimi" düz  oxumadığı, səlis tələffüz etmədiyi üçün onun  əl barmaqlarını sındırmışdı. Axund  İsmayılın mədrəsə şagirdlərindən  biri Molla Allahverdi də dini-ruhsal dünyagörüşünə yiyələnmişdi.

Nahiyə əhalisinin imanlı-irfani ruhunun təşəkkülündə müsəlman-türk dünyasının maddi-mənəvi irsinin təbliği sahəsində görülən işlər də öz rolunu oynamışdır. Bu xüsusda Güllübulaq kənd sakini Molla Paşa Mahmud oğlunun da əməyi az olmayıb. Elin-obanın məclislərində yaxından iştirak etməklə həm də qəbirstanlıqda məzar daşlarının hazırlanması, nəqşlənməsi, yazılması ilə bağlı mərasim tədbirlərinin müəllifi idi.

Məhz bu xidmətləri Amasiya rayonunun  hay-daşnak xislətli rəhbər işçilərinin hədəfinə tuş gəlib.  1971-ci ildə rayon XDS-nin İcraiyyə Komitəsinin sədri Akopyan onu çağıraraq bildirir ki, məzar daşlarına ay-ulduz  və türk nişanlarını  həkk etməkdən əl çək. Daşnaka cavab verilir  ki, əgər biz  Türküksə, nişanımız da Türk nişanı olmalıdır... 

(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Mehri rayonu, Əlidərəsi, Gıhı və Nüvədi  kənd sakinlərii Nargilə  İmaməli qızının (1929), Səfixan Xəlil oğlu Gəncəliyevin (1936), Zəhra Mir Kazım qızının (1926), Qarakisə rayonu, Urud kənd sakini Hilal Muradxan oğlu Tahirlinin (1949), Amasiya rayonu, Güllübulaq kənd sakinləri  Molla Paşa Mahmud oğlu Qəribovun (1929), Əhməd  Məmməd oğlu  Rzayevin (1964)  məlumatlarından istifadə edilmişdir.)

                                                           Qismət Yunusoğlu,

                             Bakı Dövlət Universitetinin müəllimi

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31