Metastaz...- Züleyxa Nadir yazır

Metastaz...-Züleyxa Nadir yazır

Züleyxa NADİR

Tanıdığım bir ailədə qadın  demək olar ki, hər gün döyülürdü. Onun gözlərinin altı həmişə qaralır,  bədəni qançır-qançır olurdu. Amma qəribədir ki, qadın bundan qətiyyən narahat olmurdu. Ətrafdakı insanların, qohum-qonşunun üz-gözü ilə bağlı ona irad tutmasına da əhəmiyyət vermirdi, sanki belə olmalıdı - ta o günə kimi ki, əri dünyasını dəyişdi. Qadın kişinin  ölümündən çox döyülməməsindən dolayı xəstəlik tapdı. Bir bəhanə tapıb səs-küy salır, oğlanlarının bağırması, ev-eşiyi  dağıtması üçün şərait yaradırdı. İş o dərəcəyə çatdı ki, bir gün böyük oğlu anasına əl qaldırdı, qolundan tutub bayıra atdı. Və mən başa düşdüm ki,bu qadın döyülməsə, söyülməsə yaşaya bilmir. Döyülmək azarı canını elə almışdı ki, sanki qotur xəstəliyinə tutulmuşdu. Qaşınan yerindən qan çıxarmasa rahat ola bilmirdi...

***

Adama ağır  gələn odur ki, dünyanın düz vaxtı, texnikanın kosmik sürətlə irəlilədiyi zamanda  nədən bu qədər cahillik baş alıb gedir? İnsanlar bir-birini başa düşməkdə  niyə bu qədər aciz qalıblar? Kişi-qadın  münasibətləri, ər-arvad arasındakı sevgi duyğusunun ucuzlaşma səbəbini harda axtarmaq lazımdı? Sərhədlərin açılması, millətlərin bir-birinə yaxınlaşması, ölkələrin inkişafı ona dəlalət etmir ki, Azərbaycan ailələrində  qadınlar  alçaldılsın, zorakılığa məruz qalsın. Hansı zəmanədir ki, qadın əri tərəfindən hər gün döyülür, söyülür, təhqir olunur? Təbii ki, bu qədər sualın cavabını bir dəfəyə bir cümlə ilə vermək olmur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın zorakılığnın kökünün hardan gəldiyini öyrənmək və  bu problemi maksimum həll etmək üçün monitorinq keçirib. Ortaya maraqlı və ağrılı bir nəticə çıxıb. Rəyi soruşulan qadınların 29 faizi əri tərəfindən döyülüb təhqir ediləməyi adi hal kimi qiymətləndirib. Onların fikrincə, bu, gündəlik yaşayış tərzidi. Azərbaycan ailələrində qadının ər tərəfindən döyülməsini yaxşı hal kimi dəyərləndirən bu 29 faiz  qadın 10 milyonluq əhalinin kiçik bir hissəsidir. Düşünmək olar ki,  ölkəboyu durmadan araşdırma aparılsa bu rəqəm 69, 79, 89 da ola bilər. Halbuki 29 da kifayət edir ki,  Azərbaycanda qadın problemlərinin qabarıq olduğu faktı diqqətdən kənarda qalmasın.

Belə çıxır ki, hökumətin və qeyri hökumət təşkilatlarının zəhmət çəkib bu sahədə iş aparmalarına gərək yoxdu.  Qadın ona qarşı olan zorakılığa boyun əyirsə, cəmiyyətin təpki verməsinin əhəmiyyəti yoxdu. Onsuz da heç bir təpki qadın-kişi münasibətlərini, ər-arvad duyğularını tənzimləməyə yetərli deyil. Dünyanın hər yerində zorakılıq halları var, bunun qarşısını tamamilə almaq mümkün deyil. Hər insan bir xarakterdi, hər  xarakteri də  ayrıca dəyişmək kiminsə mənəvi və fiziki gücünə daxil deyil. Sadəcə, bəzi nüansaları aradan qaldırmaq olar ki, dünya dünən də bu məsələ üzərində çalışıb, indi də eyni vəziyyətdir. Təxminən 10-15 il əvvəl mütəxəssislər deyirdilər ki, dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır. Məsələn, ABŞ-da hər il 1900-ə yaxın qadın zorlanmaya məruz qalır, hər 15 saniyədən bir isə bir hansısa qadın əri tərəfindən döyülür. Avstraliyada qətl  hadisələrinin 54 faizi ailə daxilində baş verir və bu cinayətlərin 90 faizinin qurbanı qadınlar və uşaqlar olur. Böyük Britaniyada da hər dörd qadından biri fiziki zorakılığa məruz qalır... dünyanın indiki mənzərəsi həmin faktların  hələ də dəyişmədiyini göstərir.

Bu məsələ ilə bağlı Azərbaycanda hər il iki həftəlik tədbir keçirilir. Üç gün əvvəl Birləşmiş Millətlər Təşkilatının  Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyasına başlayıb. Ötən illərdə olduğu kimi, bu il də kampaniyanın gedişatında BMT-nin Azərbaycandakı nümayəndəliyinin və aidiyyatı dövlət qurumlarının rəsmi şəxslərinin qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran video müraciətlərinin, eləcə də gender əsaslı zorakılığa qarşı cəmiyyətdə həssas yanaşmanı təşviq etməyə yönəlmiş videoçarxın sosial mediada yayımlanması nəzərdə tutulur. Nə gözəl! Amma gözəl olmayan bir nəsnənin üstündən də keçmək istəmirəm. Hər zaman olduğu kimi yenə də  bu və buna bənzər tədbirlər, beynəlxalq layihələr problemə cüzi təsir edəcək. Yenə də il tamamında görəcəyik ki, atalar demiş "bəydi, bayaqkıdı"...

***

Əslində qadına qarşı zorakılığın tək səbəbi  dini savadsızlıq və elmsizlikdi. Bu iki anlayış özündə çox məsələləri birləşdirir. Ki... ailə institutu da məhz həmin məsələlər üzərində qurulur və fəaliyyət göstərir. Bu institutun "rektoru, prorektoru, dekanı və tələbələri" qadınlardı. İnstitut qadına çox şeyi öyrədir, çox şeyi təlqin edir. Qadın özünün hüququnu bilməlidi. Qadın cəmiyyətin güzgüsü olduğunu anlamalıdı. Qadın "ayağı altında olan cənnəti" tapdalamamalı, əksinə onu başı üzərinə qaldırmalıdı. Qadın kişinin döyünən ürəyidi. Bu döyüntü  bir an olsun zəifləməməli, gücdən düşməməlidi. Qadın Allah qədər müqəddəsdi. O, bu müqəddəsliyi qorumağa borcludu. Qadın sevgidi, eşqdi. O, bu hissi ölənə qədər qəlbində yaşatmalıdı. Qadın ailənin sütunudu. Həmin sütunu çiynində saxlamaq qadının gücünə bağlıdı. Qadın tərbiyəçi olduğunu bir ömür unutmamalıdı.

Nə yazıqlar ki, Azərbaycan qadınlarının əksəriyyəti ona Allah tərəfindən lütf olunmuş bu üstünlüklərdən məhrumdu. Çünki Azərbaycan qadını qorxaqdı. Kişidən çəkinir, onu özündən üstün bilir. Azərbaycan qadını özünü ər qarşısında alçaldaraq zəlil günə qoyur. Mənən yoxsul olan qadın kişinin bütün işgəncələrinə dözür və nə qədər  ağrılı olsa da az qala bunu Allahın lütfü sayır. Var belə qadın, Azərbaycanın hər yerində bu cür  cahil qadına rast gəlmək mümkündür. Ki...həmin qadınlar yuxarıda  dediyim 29 faizi təşkil edir. Ona görə də ailədə ər rolunu ifa edən kişi qadın zorakılığını sərgiləyir. O kişi ki...bir ata və ər kimi xüsusi mükəlləfiyyət yükü olan ailə başçısıdır. Fiziki, sosial  və mənəvi yönümdə rolu əvəzedilməzdi. İctimaiyyətdə xüsusui yer tutur, həm ailəsinin,  həm də dövlətin və cəmiyyətin problemlərini üzərinə götürür. Ailə başçısı olduğu üçün cavabdehdi, qadınını və uşaqlarını qorumalıdır. Şəxsiyyətini və ləyaqətini, həmçinin də şərəfini uca tutmalı, doğru-dürüst davranış sərgiləməlidir. Kişi qadınına yalnız şəhvət obyekti kimi baxmamalıdır.

Bəs, nə etməli? Yenə də sualın cavabında ANA yükü, QADIN  haqqı göründü. Ana qızını elə tərbiyə etməlidir ki, o, düzgün və  azad ruhlu olsun, əxlaq və tərbiyənin hər cür elementini qanında daşısın. "Dinmə", "danışma", "sus" kimi qadağalarla qızını yükləməməlidir.  Yeri gələndə "yox" deməyi, bəyənmədiyi, qəbul etmədiyi fikrə etiraz etməyi, amma özünün məntiqli fikirlərini ortaya qoymağı öyrətməlidi. Bütün bunlar isə o demək deyil ki, həmin qız sabah ailə həyatı qurandan sonra "kor atı minib köndələn çapsın". Sadəcə tərbiyənin və əxlaqın üstün tərəflərini mənəviyyatına sipər edərək hər an döyülmək əndişəsi ilə yaşamasın. Yetər ki, ürəyini puç olmuş arzular, itmiş ümidlər, nakam və talesiz sevgi qəbristanlğına çevirməsin...

Hardansa oxumuşdum ki, qadına hökm etdiyini düşünən kişi dünyanın ən axmaq kişisidir. Məncə, ibrətamiz fikirdi. Çünki axmaq kişinin hökmü zorakılıqla müşaiyət olunur.  Qadına qarşı olan zorakı hərəkətlər yoluxucu xəstəlikdi, sağalmaz dərddi, xərçəng kimi qorxuludu. Və bu  dərd, bu xərçəng xəstəliyi min illərdi metastaz verib, onu kəsib atmaq üçün daha minlərlə il yetəcəkmi?

Allah bilir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31