Elflər, klonlar və cənnət adamları...- Elçin Hüseynbəyli yazır
Elflər, klonlar və cənnət adamları...-Elçin Hüseynbəyli yazır
29 Noyabr 2019 11:14 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Qoca Mələk bərk qorxduğumu, təbii ki, dərhal anladı, üzünə təbəssüm çökdü və dedi:
-Əgər bir adama etibar edirsənsə, gərək onun sözlərinə qulaq asasan. Öz bildiyini eləsən, çətinə düşərsən.
Mən onun nə demək istədiyini anladım və dedim ki, məqsədimə çatmaq üçün hər şeyə hazıram. Lənətin kökünü tapmaq mənim missiyamdır.
-Nəslimizin düçar olduğu bəlalardan xilas olmaq üçün hər şeyə hazıram, -deyə təkrar elədim.
-Mənə elə gəlir ki, lənəti özünüzdə axtarmaq lazımdır. İndi isə mən sənə eşitdiyin, amma görmədiyin, əlçatmaz bir mənzərə göstərəcəm. Amma ora mənsiz getməlisən. Çünki səni heç bir təhlükə gözləmir. Get, -deyə o əmr elədi.
Mən heç nə demədim və göstərən istiqamətə tərəf getdim. Bir az getmişdim ki, qarşıma bir bulaq çıxdı. Bulaq sadə olsa da, çox gözəl idi. Suyu elə gur axırdı ki, ondan içməmək mümkün deyildi. Dizimi yerə qoydum və ağzımı bulağa dirədim. Nə qədər içdimsə doymadım. Sanki onda sehrli nəsə vardı.
Ayağa durub yoluma davam elədim. Gözəl bir gəlin qarşıma çıxdı. İki mələk kimi uşaq onun əllərindən tutmuşdu. Gəlin məni görüb ayaq saxladı və məni tanıdğını dedi.
-Amma mən sizi tanımadım, -dedim.
-Sizin tanımağınız vacib deyil, - qadın üzümə baxıb gülümsündü.- Hara gedirsiniz belə?
-Ayağım hara, başım ora, -deyə söhbətdən yayındım.
-İstəsəniz, mən sizi indiyə kimi görmədiyiniz gözəl bir məkana apararam.
-Hara? -deyə mən ondan şübhələndiyim üçün soruşdum.
-Bax ora, -deyə gəlin mənə uzaqda salınmış gözəl bir məkanı göstərdi. Ora istirahət mərkəzinə oxşayırdı və qəribə adı vardı: "Mələksimalar məskəni"...
Maraq məni bürüdü və qadının təklifi ilə razılaşdım.
-Lap yaxşı, - gəlin dedi, - amma orda məndən aralanmayın. Nə sualınız olsa mənə verərsiniz.
Biz "Mələksimalar məskəni" yazılmış gözəl guşəyə daxil olduq. Bura, doğrudan da, gözəl idi. Rəngbərəng çiçəklər bir-birilə danışır, quşlar ələ-ələ, qanad-qanada verib uçuşur, sevişirdilər.
Gəlin çoxmənalı şəkildə üzümə baxdı və soruşdu:
-Gözəldir, eləmi?
Başımı tərpətdim.
-Ən gözəl şeylər qabaqdadır, -dedi.
Biz bir salona daxil olduq. Səhnə süd rəngli işığa bələnmidi, ətraf çiçək qoxuyurdu. Bura sərgi salonuydu. Gözəl geyimli və gözəl sima adamlar barbilərə və smayliklərə oxşayan qız və oğlanları bəzəyirdilər. Onlar barmaq boydaydılar. əvvəlcə elə bildim ki, gəlincikdirlər, amma sarışın bir gözəl əsnəyəndə insan olduğunu bildim.
-Deməli, bütün bunlar doğrudur? Doğrudur ki, elflər məskəni var?
-Əlbəttə var, -gəlin gülümsəyərək dedi, - gördüklərinin hamısı canlıdır.
Başqa bir salona keçdik. Burda gözəl oğlanlar və qızlar striptiz göstərirdilər.
-Bunların mənasını anlada bilərsənmi? -deyə gəlindən soruşdum.
-Bayaq gördüyün elflər vegetiryandırlar. Ona görə də yalnız hava və çiçək ətri ilə qidalanırlar. Bunlar isə o dünyada naz-nemət görməyən, yalnız əllərinin qabarı və alın təri ilə yaşayan adamlardır. Ona görə də onlar üçün bura bir kef məskənidir.
Başqa bir salona keçəndə qolumdan dartdılar.
Geri qanrıldım. Yenə də Qoca Mələk idi. Mən dinməz-söyləməz onun yanına düşüb çölə çıxdım. Sual verməyə qorxurdum. O, məni başa düşdü və dedi:
-Gördüklərinin hamısı doğrudur, həmin o gözəl qadın da, körpələr də. Qadın sənin sevgilin, yanındakılar isə sənin uşaqlarındır.
- Mənim!? -təəccüblə soruşdum, alnımı qaşıdım və fikrə getdim...
Noyabr, 2019