Göy üzümüz...

Göy üzümüz...

Göy deyərlər bizim oralarda, gömgöy. Evimizdən görünən havanın sifətimizə çökən rəngi kimi...

Vətənə gedənlər var.         

Ehmalca addımlayın, olarmı? Xəbər tutmasın altındakılar. Oğrun-oğrun gəldiyinizdən...

Qəbiristanlığa yolunuz düşürmü? Mən gedəmmirəm. Ölmürlər torpağa qoyulanlar. O tərəfə yiyə dururlar...

Ümməti müsəlman qəbiristanlıqdan qorxar. Rastına çıxanda üzünü bir az yan tutar. Başdaşıların varolma səbəbi bəlkə də budur. Durulub arınanlar  gözümüzün içinə dik baxır.

Ürəyimin başındakı ağrıdan utanıram. İnsan ağrıya sevinərmi? Hiss eləmək möhtəşəmdir. Günah çıxarıram canımdan...

İndi hara gedim?

İçərişəhərə it ayağı dəyib. Mənim şəhərimə, mənim gözəlimə toxunublar. ATƏT belə istəyib çünki.

Bəs bizim istəklərimiz?! Şuşada ölmək istəyirəm. ATƏTəmi deyim? O qanarmı ki?! 

Sus Nigar. Beynəlxalq münasibətlər hisslərlə idarə olunmur.

"Bu dünyadan bir soydaşımız köçəndə mən demirəm, heyf, dünyasını dəyişdi. Deyirəm o da Qarabağı görmədən getdi..."

Sevdiyim bir adamın sözüdür. Söz demək olarsa, təbii...

Yanğıdır, haraydır! Unudammıram. Gələnlər bilmir, gedənlər kirimir. Qalanlar sülh dərdindədir...

İçində yurdu dərd olan adamları uzaqdan seçə bilirəm. İşğaldan sonrakı xüsusiyyətimdi...

Bir məcburi köçkün ailəsinin yas məclisində iştirak eləmişdim. Həddindən çox adam var idi, dedilər öz torpaqlarında qaçqın olanlar belə yerləri fürsət bilir, qohum əqrəbayla görüşmək üçün. Kəndi öldürülən adamların şəhəri də olmur, şəhəri olmayanların da... Davamı gəlməsin!

Nigar İsfəndiyar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31