Dəm qazı faciəsini necə aradan qaldırmaq olar? TƏHLİL
Dəm qazı faciəsini necə aradan qaldırmaq olar?TƏHLİL
27 Noyabr 2019 13:25 SosialAzərbaycanda hər il qış mövsümündə onlarla insan dəm qazından faciəli halda dünyasını dəyişir. İllərlədir ki, bu bəla ölkəmizdə adi hala çevrilib. İnsanlar dünyasını dəyişir, məsuliyyəti isə heç kim bölüşmək istəmir. Məlumat üçün qeyd edək ki, noyabrın 15-dən qış rejiminə keçilməsinə baxmayaraq artıq onlarla insan dəm qazından zəhərlənib, hətta dünyasını dəyişən var. Belə ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da yaşayan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Həmçinin Xəzər Universitetinin 6 tələbəsi dəm qazı zəhərlənməsi ehtimalı ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Şəki rayon Baş Küngüt kəndində doğulan, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayan 1996-cı il təvəllüdlü Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonunda yaşadığı evin hamam otağında ailə üzvləri tərəfindən huşsuz vəziyyətdə aşkar edilib. Müayinə zamanı Ramil Məhyəddinovun dəm qazından öldüyü müəyyən edilib. Bəs görəsən bu kimi faciələrin qarşısını necə almaq olar? Bu bəla Azərbaycanda hansı amildən baş verir və aidiyyəti qurumlar hansı tədbirləri görməlidirlər?
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər. Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Qaz cihazlarımız standartlara uyğun deyil
Ekspertlərin qənaətinə görə, dəm qazından zəhərlənmələr əsasən üç amillə bağlıdır. Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov hesab edir ki, birinci səbəb qaz cihazlarının standartlara uyğun olmamasıdır: "Ölkədə satışa çıxarılan avadanlıqların guya hamısı baxışdan keçirilib. Lakin hamımız bilirik ki, bu sahədə böyük xaos var. Kim harda, hansı malı istəyir, satır. Əlbəttə, bu özbaşınalıqların hamısı kobud desək, istehlakçıların başında çatlayır. Bundan başqa, əhali qaz cihazlarından düzgün istifadə etmir. Xaricdən gətirilən qaz cihazlarının əksəriyyətində nəzərdə tutulub ki, dəm qazı boru ilə bayıra çıxmalıdır. Lakin əhali onu düzgün quraşdırmır və qaz evin içinə dolur. Kustar üsulla hazırlanan qaz cihazları da bu xoşagəlməz hadisələrin yaranma səbəblərindəndir".
Standart sobalara icazəsiz müdaxilələr edilir. E.Hüseynovun bildirdiyinə görə, qazdan zəhərlənmə və boğulma hallarını yaradan səbəblərdən biri də bu prosesdə əhalinin özbaşına müdaxiləsidir. Belə ki, əhali kustar üsulla hazırlanan, standartlara cavab verməyən sobalardan istifadə edir. Bu da sonda xoşagəlməz hadisələr və faciələrlə nəticələnir: "Əhali bilməlidir ki, dövlətin gömrük sərhədlərindən keçən sobalar, qaz işlədicilərinin hamısı dövlətin standartlarına uyğundur. Lakin Azərbaycanda qaz infrastrukturu köhnəlib, qaz lazımi təzyiqdə deyil. Bu məna da sobaların işləmə standartı ilə Azərbaycanda verilən təzyiq düz gəlmir. Belə olan halda istehlakçılar qaz sobasını alandan sonra onun işləyib-işləmədiyini görüb, təsadüfi insanları çağırıb, orada dəyişiklik aparır. Bununla da yeni partlayışlara səbəb yaranır". Ekspert məsləhət görür ki, qaz təchizatçıları sobalarda rekanstruksiya işlərini aparmağı öz üzərilərinə götürsünlər.
Qaz sobalarının çıxışına diqqət yetirilməlidir
Çölə çıxarılan yanmış qazın tüstüsü və ya havasının ötürülməsində də problemlərin olduğunu deyən AİB sədri bildirib ki, istehlakçılar Bakıda bəzi məqamlara, hətta hava iqliminə də diqqət yetirməli, ona uyğun hərəkət etməlidirlər. Çünki, Bakı küləklər şəhəridir. Sobaların mənzildən xaric olan borusu küləyə qarşı olarsa və bu boru qorunmazsa, o zaman həmin boru küləyin təsirindən tüstünü və dəm qazını içəri vurur. Bu da sonda həmin xoşagəlməz hadisələrlə nəticələnir: "Ona görə də çölə çıxan borulara diqqət yetirilməlidir. Birmənalı şəkildə qazı uşaqların nəzarətindən kənarda qoyub yatmaq olmaz. Qaz mütləq nəzarət altında olmalıdır. Onu da bilməlidirlər ki, boğulma ani baş verir. Ona görə də adarant deyilən zəhərli maddələr qarışdırırlar ki, qazın axması iylə, qoxulu ilə hiss olunsun. Çox təəssüf ki, bu bəzən epizodik olur. Bəzən qarışdırılır, bəzən isə yox. Biz burada artıq təchizatçının müəyyən məsələsi üzərinə gəlib çıxırıq. Təəssüf ki, əhali ilə təchizatçı arasında bağlanan müqavilə şərtlərində təchizatçı öz üzərinə heç bir məsuliyyət götürmür. Məsələn, qazın fasiləsiz verilməsi məsələsi. Bazarda inhisarçı qurum olan təhcizatçının üzərinə qazı fasiləsiz vermək məsuliyyətini verir. Lakin infrastruktur köhnəldiyindən, qaz təchizatçılarının məsuliyyəti tam aydın olmadığından bəzən fasilərlərlə olur. Mütləq öncədən xəbərdarlıq sistemi yaradılmalı, təchizatçının üzərində müəyyən məsuliyyət olmalıdır. Ancaq, baş verən qaz partlayışları, qazdan boğulma və zəhərlənmə hadisəsinə təchizatçı ilə yanaşı, istehlakçı da cavabdehdir".
Nurlan
Olaylar.az