Nazirlik “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi qaliblərini mükafatlandırdı
Nazirlik “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi qaliblərini mükafatlandırdı
26 Noyabr 2019 12:43 Sosial25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan "Şiddətin rəngi" adlı rəsm müsabiqəsi yekunlaşıb. Nazirliyin tabeliyindəki DOST Agentliyində müsabiqənin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Şiddətin rəngi" adlı rəsm müsabiqəsini də bununla əlaqədar təşkil edib. Məqsəd məişət zorakılığı anlayışı, məişət zorakılığı, o cümlədən qadına qarşı zorakılıq hallarının doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılmasına xidmət edir. Eyni zamanda, müsabiqənin məqsədi yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsidir.
B.Hüseynov diqqətə çatdırıb ki, əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq müsabiqə 15 - 29 yaşlarında şəxslərin yağlı boya ilə akvarel, quaş, qrafika və s. texnikalarla hazırladıqları və məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa məruz qalmış qadının iztirablarını əks etdirən rəsm əsərlərini əhatə edib. Qeyd olunub ki, həmin şəxslər müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında "İctimaiyyətlə əlaqələr" bölməsində "Şiddətin rəngi" və ya https://forms.gle/mwXWsPpdiEVL68CP6 linkinə daxil olaraq anket formasını doldurublar. Həmçinin müəlliflər müvafiq mövzuda çəkdikləri rəsmləri və şəxsiyyət vəsiqəsinin surətini Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim ediblər. Müsbət haldır ki, müsabiqədə fəal iştirak müşahidə olunub, 103 nəfər müsabiqəyə rəsm əsərini təqdim edib.
Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatları (1-ci yer üzrə 1 nəfərə 500 manat, 2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat, 3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat) verilib. Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə diplom və pul mükafatı (100 manat) təqdim edilib.