İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
25 Noyabr 2019 12:27 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrlə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə tədris, təlim-tərbiyə, təhsildə qazanılan naliyyətlər, həyata keçirilən yeni layihələr və digər cari məsələlər müzakirə olunub.
Aİİ-nin rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq bildirib ki, görüşün məqsədi gələcək hədəf və vəzifələr barədə onları məlumatlandırmaq, sosial problemlərini, tədris sahəsində olan çətinliklərini və təkliflərini öyrənmək, bir sıra tövsiyələr verməkdir. Rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Respublika Prezidentinin bu sahəyə diqqət və qayğısı nəticəsində ciddi nailiyyətlər qazanılmış, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülüb.
C.Məmmədov qeyd edib ki, Aİİ-də dövlətin qayğı və təminatı ilə tələbələr üçün hər cür şərait yaradılıb. Təhsilalanların ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən danışan rektor gənclərə öz peşələrinə mükəmməl yiyələnməklə yanaşı, Vətəni və milləti sevən, onun təəssübünü çəkən layiqli vətəndaş olmağın önəmini vurğulayıb. İnstitut rəhbəri təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali təhsil müəssisəsində müəllim və tələbələr arasında qarşılıqlı münasibətlərin düzgün qurulmasının əhəmiyyətini qeyd edib.
Daha sonra C.Məmmədov tələbələrə İnstitutun və ölkəmizin sosial həyatında fəal iştirak etməyi, könüllü proqramlarına qoşulmağı, layihələrdə aktiv iştirak etməyi tövsiyə edib.