Payız tətili müddətində məktəblilərin ekskursiyaları təşkil edilib

Payız tətili müddətində məktəblilərin ekskursiyaları təşkil edilib

Paytaxt məktəbliləri üçün payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.

"OLAYLAR" xəbər verir ki, tətil günlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), məktəblərin və valideynlərin təşəbbüsü ilə muzeylərə, tarixi məkanlara və mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edilib. Belə ki, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Xalq Təhsili Muzeyi, Milli Aviasiya Akademiyası və digər yerlərə də məktəblilərin səfərləri həyata keçirilib.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olublar.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31