6400 müharibə əlilinə minik avtomobili verilib
6400 müharibə əlilinə minik avtomobili verilib
20 Noyabr 2019 12:55 Sosial2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib. "Olaylar" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli məlumat verib. Nazir müavini əlavə edib ki, sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.