Nazirlik daha 50 ailəyə mənzil verdi
Nazirlik daha 50 ailəyə mənzil verdi
20 Noyabr 2019 12:52 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. "Olaylar" xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, bu tədbirlər sırasında mənzillə təminat proqramı da xüsusi yer tutur: "2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib". V.Nəsirlinin sözlərinə görə, bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir: "Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib. Təqdim edilən mənzillərdə, fərdi yaşayış evlərində müasir şərait yaradılıb və qarşıdakı dövrdə də mənzillə təminat proqramı uğurla davam etdiriləcək".