Məişət zorakılığını niyə aradan qaldıra bilmirik? TƏHLİL
Məişət zorakılığını niyə aradan qaldıra bilmirik?TƏHLİL
20 Noyabr 2019 12:49 SosialZorakılığa məruz qalan qadın sonda cinayətkara çevrilir
Müstəqilliyin əldə edilməsi ilə ölkəmizdə gender bərabərliyinin qanunvericilik bazasının yaranması yönündə dövlətin ardıcıl siyasəti həyata keçirilib, milli dövlət quruculuğu siyasətinin təməl prinsiplərinə çevrilib. Qadın siyasətinin müəyyən edilməsi, cəmiyyətdə onun statusunun yüksəldilməsi, inkişafın prioritetləri sırasına aid edilib. Dövlətin uzun müddətli qadın siyasətinin əsasları qoyulub və həyata keçirilib. Bu gün Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyət prinsiplərinə cavab verən insan hüquqları sisteminin yaradılması yönündə çoxmiqyaslı fəaliyyət göstərir. Bu gün Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin keşiyində duran 150-yə yaxın sənəd imzalanıb. Biz insan və qadın hüquqlarına dair mövcud olan bütün əsas beynəlxalq sənədləri, o cümlədən, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair Konvensiyanı və sairəni ratifikasiya etmişik. 2006-cı ildə "Gender bərabərliyinin təmin edilməsi haqqında", ondan sonra isə "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk və hələlik yeganə qurum kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən çoxsaylı qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyev 22 iyun 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun imzalanıb. Ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır.
Lakin etiraf edilməlidir ki, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Gender əsaslı zorakılıq, məişət zorakılığı, erkən nikahlar və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Lap qədimlərdən azərbaycanlı qadının qarşısına "olmaz!" adlı sədd çəkiblər. İllər keçdikcə sədd uzanıb, genişlənib və bərkiyib. Ədəbiyyatımız deyir ki, o səddin adı mental düşüncədir. Mentallığımızda qadın kişidən aşağıda dayanır. Hərdən babalarımızın ailəsini bizə misal gətirirlər. Deyirlər ki, çarşab örtmək hər kəsin öz seçimi olmalıdır. Lakin seçmədiyini sənə zorla seçdirəndə faciə aktuallaşır. Yaxud, ali məktəb bitirən xanım ərə gedəndən sonra işləməmək qadağası ilə üzləşir. Özü də itirir, cəmiyyət də. Axı o, savadı ilə cəmiyyətin inkişafına dəstək ola bilər və ailəsinin maddi durumunu yaxşılaşdırar. Lakin, əri razı deyil. "Özüm qazanıram, sənin puluna ehtiyacım yoxdur!" nidasını evin ən hündür yerindən asır. Qadın razılaşmaq istəmir. Etiraz bir dəfə sözlə, bir dəfə silləylə, bir dəfə də bıçaqla "yatırılır". Bəs məsələnin qanu yolu necədir? Birinci dəfə zorakılıq yaşayan qadın niyə şikayət etməyib? Tutaq ki, birinciyə dözüb, "düzələr" deyə, düşünüb. İkinci, üçüncü zərbələrin cavabı harada qaldı? "Arvad ərini polisə verməz", "Arvad ölər, ər evindən çıxmaz", "Arvad ərinin bütün zülmlərinə dözər", "Gəlinliklə getdiyin evdən ancaq kəfənlə çıxa bilərsən!" təhdidlərinin küncə sıxışdırdığı zərif cinsin nümayəndələrinin göz yaşı içində xısın-xısın oxuduğu bayatıdan yol alıb bu günümüzə qədər gəlib çıxmağı bacaran streotiplər bir gün gələcək əbədi yoxluğa düçar olacaq. Ancaq o bayatı ailə-məişət tariximizə qara hərflərlə yazılacaq.
Son zamanlar onlarla intihar hadisələri baş verir ki, mərhumu ölüm həddinə çatdıran səbəblər Cinayət Məcəlləsinin 125-ci maddəsinin (şəxsi özünü öldürmək həddinə çatdırmaq) kəndirindən asılı qalır. Biri özünü kəndirdən asır, onu ölümə sürükləyən səbəb isə o kəndirdən yelləncək kimi istifadə edib, başqalarının həyatını zəhərləməyə atılır. Bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq və nüfuz etməsi reallıqdır. Yəni, məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zoraklığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə və insan alverilə nəticələnir. Statistikaya görə, qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur. Xatırladaq ki, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmaq, maarifləndirmə işləri aparmaq və problemin həlli üçün proqram hazırlamaq öhdəliklərini götürüblər. Lakin təəssüf ki, bəzən qanun məişət zorakılığı ilə bağlı problemlərin aradan qaldırılmasında aciz qalır. Əgər zorakılığa məruz qalan öz hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət etmirsə, qanun öz sözünü deyə bilmir. Çünki zorən ailə mühitinə daxil olub, zorakılığın qarşısını almaq mümkün olmur. Bunun üçün zorakılığa məruz qalan şəxs özü qərar verməlidir. Ən betəri odur ki, ailələrdə qadınlar bir çox hallarda öz hüquqlarını müdafiə etmək əvəzinə çıxış yolunu cinayətə əl atmaqda görür. Cəmiyyət isə baş verən proseslərə müdaxilə edə bilmir.
Nurlan
Olaylar.az