Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır

Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır

İnsanların öz düşüncələrini azad şəkildə, şəxsi iradələrinə söykənərək ifadə etmələri bəşəriyyət yarandığı vaxtdan müşahidə olunub. Lakin bu anlayışın hüquqi və siyasi dəyərinin müəyyənləşdirilməsi, demokratik dövlət quruculuğunun açar amillərindən birinə çevrilməsi və zaman keçdikcə təkmilləşərək çoxşaxəli mahiyyət kəsb etməsi son bir neçə əsrdə nəzərə çarpır.

Fikir və ifadə azadlığı fərdin zehnində formalaşmış düşüncələrinin yalnız o istədiyi təqdirdə başqaları tərəfindən bilinməsi aktının əsasıdır. Bu anlayışa hələ qədim zamanlardan müxtəlif filosofların, sosioloqların fərqli yanaşmaları olub. Ümumiyyətlə, tədqiqatçılar fikir azadlığının araşdırılmasında dörd mərhələ müəyyən ediblər: klassik, orta əsrlər, müasir və ən müasir dövr. Klassik dövrün Platon, Aristotel kimi filosofları azadlıq anlayışının fəlsəfi yönlərini qabardıblar. Platon ifadə azadlığının fərdin intellektual imkanları ilə müəyyənləşdiyini vurğulayıb. Onun fikrincə, hər bir şəxs məxsus olduğu sosial təbəqənin ümumi rifahı naminə sahib olduğu potensial qədər azaddır. Aristotel isə kişi, qadın və uşaqlardan təşkil olunan cəmiyyətdə azad davranmağa layiq fərd kimi yalnız kişiləri görürdü.

Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.

Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən, bu sahəyə dövlət xüsusi diqqət verdi. Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir".

Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü. Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir.

Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir.

Media dövlətin dəstəyini hər zaman hiss edir. Ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi əməli nəticələrini KİV-lərimizin inkişafında və jurnalistlərin rifah halının yaxşılaşmasında göstərir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonrakı vəziyyətlə əvvəlki illərin durumunun müqayisəsi bu baxımdan kifayət qədər dolğun mənzərə formalaşdırır.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.

Hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Digər tərəfdən, müvafiq məsələyə ulu öndər Heydər Əliyevin şəxsi yanaşmasını qeyd etmək vacibdir. Ümummilli Liderin "Müstəqillik yolu" əsərində qeyd olunmuş fikirləri ölkəmizdə demokratik cəmiyyətin formalaşmasına həssas münasibətin göstəricisidir: "Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir. İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. Azərbaycanda siyasi plüralizm varsa, demək, siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin olması hər bir dövləti həm totalitarizmdən xilas edir, həm də dövlət siyasətinin aparılmasında dövləti daha da sayıq saxlayır".

Fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əslində kəşməkəşli yol keçmiş milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir.

Müasir demokratik sistemin beşiyi hesab olunan Avropada bəhs etdiyimiz mövzuya münasibətin təhlili də maraq doğurur. Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31