Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib
19 Noyabr 2019 11:17 SosialDünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun (CECF) təsisçisi və prezidenti İmam Məhəmməd Bəşər Ərəfat Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.
C.Məmmədov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi-tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.
Sonra qonaq Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun sülh və əməkdaşlığı təşviq edən tolerant mühitin qorunub saxlanması kimi vacib məsələlərin həyata keçirilməsini qarşısına məqsəd qoyduğunu bildirib.
O, həmçinin ABŞ-da imamlar, alimlər və icma rəhbərləri üçün təşkil edilən təlimlərdən, başlıca qayəsi qarşılıqlı anlaşma əldə etmək, ekstremizm və zorakılığın qarşısını almaq üçün müxtəlif yaş və mədəniyyətlərdən olan insanları bir araya gətirmək olan ABŞ Dövlət Departamentinin Gənclərin Mübadiləsi və Təhsili (YES) Proqramından söhbət açıb.
Daha sonra qonaq İnstitutun müəllim-tələbə heyəti ilə görüşüb. Giriş nitqi ilə çıxış edən rektor Ceyhun Məmmədov qonağı təqdim edərək, görüşün əhəmiyyətini vurğulayıb.