Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir

Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, bu il də oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə Uşaq Hüquqları Aylığı keçirilir. "Olaylar" xəbər verir ki, növbəti tədbir Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılan və uğurla fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində fəaliyyət göstərən Liderlik məktəbində tədbirlər keçirilib. Həmin tədbirlərdə Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində təhsil alan 100-dək üzvü, habelə müəllimlər və valideynlər iştirak ediblər. Eyni zamanda Aparatın əməkdaşları Suraxanı rayonu 118 nömrəli tam orta, Bakı-Oksford və digər məktəblərdə təşkil olunmuş tədbirlərə qatılıblar.

Habelə Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində, Gəncə şəhər M.C.Paşayev adına 39-saylı və Daşkəsən şəhər Nəsimi adına 1 nömrəli tam orta məktəblərdə, Cəlilabad regional mərkəzi tərəfindən Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı və Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 1 saylı tam orta məktəblərdə, Şəki regional mərkəzi tərəfindən Qax şəhər 4 saylı və Şəki şəhər 12 saylı orta məktəblərdə, Balakən rayonu Mahamalar kəndində, Quba regional mərkəzi tərəfindən isə Qusar şəhər 1 saylı və Quba şəhər 7 saylı tam orta məktəblərdə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə bildirilib ki, Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması məqsədilə yaradılan 916 qaynar xəttinin 24 saat fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-2010-cu tədris ilindən etibarən Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.

Qeyd olunub ki, 2007-ci il oktyabrın 25-də Lanzarotedə imzalanmış "Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması uşaqlara qarşı zorakılığın bütün formaları kimi cinsi zorakılıq ilə mübarizənin preventiv, müdafiəedici, müvafiq cinayət-hüquqi aspektlərinə yönəlmiş tədbirlərin, habelə zərərçəkənlərin reabilitasiyası proqramlarının təkmilləşməsinə və tətbiqinə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31