İl ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır

İl ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlanıb

Noyabrın 18-də Təhsil Nazirliyində "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırtılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair qaydalarla bağlı mətbuat konfransı keçirilib.

Konfransda xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlanıb: "Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək".

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, xarici universitetlərə qəbul olunan və hazırda təhsil alan şəxslər də proqramdan istifadə edə bilərlər: "Hazırda reytinqdə adı olan universitetdə təhsil alan Azərbaycan vətəndaşları da bu proqrama müraciət edərək təhsillərinin maliyyələşməsini istəyə bilərlər. Əsas tələblərdən biri üçtərəfli müqavilənin olmasıdır".

Şöbə müdiri əlavə edib ki, xaricdə doktorantura təhsilinin maliyyə hissəsini yenə də Azərbaycan Dövlət Neft Fondu ödəyəcək: "Doktorantura səviyyəsi üzrə istiqamətlər may ayından müəyyənləşib. Bütün ixtisasları özündə ehtiva edir. 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün bu gündən müvafiq elan verilib. Sənəd qəbulu ildə 2 dəfə aparılacaq. Gələn ilin sentyabrından növbəti semestr üçün sənəd qəbulu olacaq".

Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan vətəndaşlarının "Times Higher Education (THE) World University Rankings", "Academic Ranking of World Universities (Shanghai)" reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur. 

Şöbə müdiri bildirib ki, il ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır: "Doktoranturaya qəbul çətin prosesdir. Ona görə də xaricdə bu təhsili almaq üçün hər semestr ərzində, təxminən, 40-50 şəxs proqramdan yararlana bilər. Gələcəkdə müraciət çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".

N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz". 

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31