Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr edilən tədbir keçirilib
Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr edilən tədbir keçirilib
18 Noyabr 2019 13:28 SosialAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr edilən tədbir keçirilib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, "Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil" şüarı ilə keçirilən tədbirdə çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününün yaranması tarixindən və zəruriliyindən söz açıb. O, bildirib ki, həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
S.Hadıyev ölkədə aparılan səhiyyə siyasətinin prioritet istiqamətlərindən birinin ana və uşaqların sağlamlığının qorunması olduğunu deyib. O, klinikanın neonatoloqlarının erkən doğulmuş uşaqların həyatda qalması üçün apardığı mübarizədən danışıb. Klinikanın direktoru erkən doğuşun qarşısını almaq üçün tədbirlər görüldüyünü də qeyd edib.
Səhiyyə Nazirliyinin baş neonatoloqu, Respublika Neonatoloqlar Cəmiyyətinin sədri, professor Rüstəm Hüseynov bildirib ki, Beynəlxalq Vaxtından əvvəl Doğulmuşlar Günü Azərbaycanda dörd ildir ki, keçirilir. Baş neonatoloq ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bildirib. Neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu deyən R.Hüsyenov Səhiyyə Nazirliyinin ölkəmizdəki xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər yardım etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tibb müəssisələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb, kadr potensialı artırılıb. Klinikanın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov rəhbərlik etdiyi klinikanın fəaliyyəti, burada xəstələrin müayinə və müalicəsi üçün yaradılmış şəraitdən söz açıb. O, qeyd edib ki, hazırda Azərbaycanın ən böyük və müasir klinikalarından biri sayılan Tədris Cərrahiyyə Klinikasında 120 professor, 240-a yaxın tibb üzrə fəlsəfə doktoru və peşəkarlardan ibarət güclü komanda çalışır. Onlar bütün xəstələrin, xüsusilə də uşaqların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəmirlər.