Cəhənnəmdən də betər...- Elçin Hüseynbəyli yazır
Cəhənnəmdən də betər...-Elçin Hüseynbəyli yazır
18 Noyabr 2019 12:49 SosialElçin Hüsenybəyli
("Paralel dünyalar" silsiləsindən)
... Biz cənnətin qapısından aralanandan sonra dəmir-dümürlə dövrələnmiş bir məkana gəlib çıxdıq.
-Bura haradır? -deyə Qoca Mələkdən soruşdum. - Cəhənnəmdir?
Qoca Mələk güldü:
-Ondan da betərdir. Bura düşən adamlar ölüb-dirilirlər.
-Mən ora baxmaq istərdim.
-Məsləhət deyil, - deyə Qoca Mələk üz-gözünü turşutdu.
-Bəlkə lənətin kökü orda gizlənib.
-Sən orda heç nə tapa bilməzsən, çünki ordakıların hamısı lənətləndiklərinə görə ora atılıblar.
-Bəlkə babam da ordadır?
-Baban orda yoxdur. Burası dəqiqdir. Baban başqa yerdədir. Onu görməyinə az qalıb.
-Mən təkid elədim.
Qoca Mələk bir xeyli üzümə baxdı. Onun baxışlarından duydum ki, məni qarşıda dəhşətli mənzərələr gözləyir. Nəhayət, o, əl çaldı. Pas atmış qapılar cırıltıyla açıldı.
Mən içəri keçdim. Qapıda qolu-qıçı şikəst, eybəcər fərraşlar dayanmışdı. Əyinlərində eşşək palanı, ayaqlarında dəmirdən cırıq çarıq vardı.
Məni görən kimi güldülər və Qoca Mələyə nəsə işarə elədilər. Həmin işarəni mən sonradan anladım...
Çöldən fərqli olaraq burda yağış yağırdı, hər tərəf gölməçələrlə doluydu. Palçıq dizə çıxırdı.
İlk gördüyüm mənzərə növbədə dayanmış adamlar idi. Amma onlara adam da demək olmazdı. Keçisaqqal, eşşəkbaş, nəsə üzücü bir mənzərəydi.
-Onlar nə növbəsinə durublar?- deyə yanımdakı eybəcər məxluqdan soruşdum.
Deyəsən, onun dili yox idi və qarğa dili danışırdı. Zorla onun dediyini anladım.
-Təzək, - dedi, - burda sakinlər çörək əvəzinə, təzək yeyirlər.
Bir az irəli getdim. Bir nəfər oturub nəsə yazırdı. Birdən məni gördü, buranın sakini olmadığımı anladı. Yəqin yoxlama zənn elədi. Ona görə də ayağa qalxıb, bir çalanın qapağını götürdü və iki körpə uşağı ordan çıxarıb çölə atdı:
-Baxın, deyirlər ki, uşaqların qayğısına qalırıq, amma görün harda saxlayırlar. Dərsə də buraxmırlar.
Uşaqların əyin-başı ürəyimi ağrıtdı. Ona görə də ordan sürətlə uzaqlaşdım.
Bir nəfər quyunun ağzında durmuşdu, başqa birisi isə quyudan başını çıxarmışdı və növbə ilə siqaret çəkirdilər.
Məni görəndə quyunun ağzındakı adam dedi:
-Bunun kefi belə istəyir. Deyir ki, yerin üstündə yaşamaqdansa, it olub yerin altında yaşamaq gözəldir.
Çaladan başı çıxan məxluq, doğrudan da itə oxşayırdı. Mən onu Mixail Bulqakovun Şarikinə oxşatdım.
Ən maraqlı mənzərə burdakı teatr idi.
Girişdə adı da yazılmışdı: "Atra". Bir nəfər onun qarşısında dayanmışdı. Əynində nimdaş şinel vardı. Üzü tunc rəngindəydi. Mən onun qrim olduğunu zənn elədim və bu barədə soruşdum:
- Bu, mənim öz rəngimdir, -dedi, biz teatra yalnız bur rəngdə adamları götürürük.
-Nə teatrdı belə? -deyə sual verdim.
-Bu, teatrın özəlliyi ondadır ki, hər şey gerçəkdir. Obraz ölməlidirsə, həqiqətən ölür, özü də bir qarın yeməyə oynayırlar.
Narahat olduğumu görüb:
- Narahat olmayın, onlar yenə də dirilirlər. İndi oturub yemək yeyirlər, bir azdan məşq olacaq. İstəsəniz, baxa bilərsiniz.
Qəlbim sıxıldı və ordan aralandım.
Bir şeyə fikir verdim ki, burda hamı cibgirdi. Kiminlə söhbət edirdimsə, cibimə girmək istəyirdi.
Birdən bir qadın peyda oldu. Üzümə altdan yuxarı baxıb:
- Ədə, məni tanımadın? -dedi.
Çiynimi çəkdim.
-Fəridəyəm də, -dedi, sən Məhəmmədhəsən deyilsən? -Qardaşınla bir oxumuşam. O da bura gəlmişdi. Heyf çox cavan idi. Elə yaraşıqlıydı ki.
-Bəs hara getdi?
-Buralarda yük daşıyrdı, sonra yoxa çıxdı, dedilər ki, girova gedib.
-Girov nədir ki?
-Burda təzək borcu olanı girova göndərirlər. O da təzək payını ödəyəndən sonra geri qayıdır.
-Burdan necə çıxmaq olar?-deyə soruşdum.
-Orda dayan, ordan maşınlar keçir, -dedi.
O deyən yerə gəldim. Kuzası qırıq, sınıq-salxaq Qaz-51-in sürücüsü adam haraylayırdı.
-O biri düşərgəyə gedən varmı?
Mən düşərgənin nə olduğunu bilmirdim və bərk qorxurdum. Bu zaman kimsə qolumdan yapışdı. Qanrılıb baxdım, Qoca Mələk idi.
-Hə necədi, razı qaldın? -deyə qımışdı və məni çıxışa doğru apardı.
-Qardaşımı görə bilmədim, -dedim.
-Görə də bilməzdin. Ruh məsələsi, demişdim axı. Hələ bura gəlib çıxmayıb.
-Bəs o qadın?
-O, yalan deyir. Nəsə deməlidir axı. Bəxtin onda gətirdi ki, burda hamı məni tanıyır və mənim qonağım olduğunu bilirlər. Səni izlədiyimi də görürdülər. Yoxsa ki, ömürlük burda qalardın, -dedi.
Mən üşəndim və dinmədim...
Noyabr, 2019