Mədəniyyət könüllülərinin sıraları genişlənir

Mədəniyyət könüllülərinin sıraları genişlənir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət könüllülərin sıraları və rəsmi tərəfdaşlıq əlaqələrinin genişləndirməsini davam etdirir. Cari ilin 15 noyabr tarixində Bakı Xoreoqrafiya Akademiyasında Mərkəz tərəfindən təşkil olunmuş "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar keçirilib.

Olaylar.az bildirir ki, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Sona İbrahimova, İncəsənət fakultəsinin dekan müavini, Əməkdar artisti Eteri Cəfərova, kollecin direktor müavini Olqa Həşimovanın iştirakı ilə keçirilmiş seminarda Akademiyanın kollec və bakalavriatın tələbələri iştirak ediblər.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev seminarın məqsədini mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olaraq dəyərləndirib. Direktorun çıxışında Akademiya tələbələrinin və digər fəalların da gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxışında gəncləri mədəniyyət sahəsində könülllük fəaliyyətinə qoşulmağa dəvət edib.

Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib. Mədəniyyət nümunələrinin tədqiqi və təbliğı sektorunun müdiri Aygün Balabəyova "Könüllük fəaliyyətinin strateji tədbirlər planını" təqdim edib.

Seminarın sonunda prorektor S.İbrahimova iştirakçılara və qonaqlara təşəkkürünü bildirərək, qeyd etdi ki, burada keçirilən mədəni-kütləvi tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan çoxsaylı konsertlər, müsabiqələr, eləcə də digər maarifləndirici tədbirlər Akademiyanı zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31