Millət vəkilindən SOS!

Millət vəkilindən SOS!

Qənirə Paşayeva: "Zorakılığın qurbanı olan ana və uşaqlar bəzən gedəcək yer tapa bilmirlər"

Ölkədə həyata keçirilən sosial siyasət uğurlu nəticələrini verməkdədir. Etiraf edilməlidir ki, Azərbaycanda sosial sahədə atılan addımlar bir çox ölkələr üçün örnəkdir. Ancaq o da etiraf edilməlidir ki, cəmiyyətdəki mövcud problemlərin köklü surətdə həlli, eləcə də aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsi üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Milli Məclisin deputatı Qənirə Paşayeva da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və fiziki imkanları məhdud insanlarıla bağlı bir sıra addımların atılmasının tərəfdar olduğunu bildirib. Ölkə prezidentinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində ciddi və önəmli islahatların həyata keçirildiyini deyən  Q. Paşayeva deyib ki,  bu islahatlar cəmiyyətimiz tərəfindən yüksək səviyyədə dəyərləndirilir. O, bildirib ki, millət vəkillərinə bu sahə ilə bağlı gələn şikayət müraciətlərin tamamilə azalması, əhalidən gələn şikayətlərlə bağlı millət vəkilləri olaraq nazirliyə edilən müraciətlərə qısa zamanda cavabların verilməsi bu islahatların bariz nümunəsidir. Millət vəkili şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial, maddi-məişət şəraitinin daha da yaxşılaşdırılmasının ölkə prezidentinin siyasətində xüsusi yer tutduğunu vurğulayaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təmsil etdiyi Tovuz rayonunda şəhid və müharibə əlilləri ailələrinə tikilən evlərin sayının artırılmasını əklif edib. Bu gün Tovuzda 91 nəfər şəhid ailəsinin, 177 nəfər Qarabağ müharibəsi əlilinin uzun illərdir hələ də bu növbələrdə gözlədiyini deyən Q.Paşayeva bu insanların qısa zamanda evlə təmin olunması üçün  Tovuzda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün  tikilən evlərin sayının artırılmasına ciddi ehtiyac olduğunu deyib və 2020-ci ildə tikiləcək evlərin sayının ciddi artırılması üçün çağırış edib. DOST mərkəzlərinin yaradılmasının əhalinin üzləşdiyi bir sıra bürokratik əngəllərin, süni maneələrin aradan qaldırılması üçün çox yüksək səviyyəli, uğurlu bir lahiyə olduğunu və əldə olunan müsbət nəticələri, insanların bu mərkəzdən məmuniyyətinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayan Q.Paşayeva bu mərkəzlərin 2020-ci il ərzində bölgələrdə də artmasının vacibliyini söyləyib. Onun sözlərinə görə, autizim və daun sindromlu uşaqlara dövlət  dəstəyi daha da artırılmalıdır. Xüsusən, bu uşaqlara dəstək mərkəzlərinin sayının daha da artırılmasına ehtiyac var: "Özəlliklə kənd rayonu bölgələrində də bu mərkəzlərin açılması vacibdir. Uzaq kənd rayonlarından insanlarımız uşaqlarını Bakıya və böyük şəhərlərə gətirməkdə çətinlik çəkirlər və bu mərkəzlərin bölgələrdə artması onlara dəstək olardı. Hesab edirəm ki,  Tovuzda da bu mərkəzlərin yaradılması yaxşı olardı". Millət vəkili fiziki imkanları məhdud olan, əlilliyi olan insanlarıın pensiya və müavinətlərinin getdikcə daha da artırılmasının cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılandığını vurğulayıb. Lakin, 18 yaşına çatmayan fiziki imkanları məhdud uşaqlara ayrılan müavinətlərin daha da artırılmasına ehtiyac olduğunu söyləyib: "Bu uşaqların anaları müraciət edərək bildirirlər ki, biz övladlarımızın fiziki imkanlarının məhdud olması səbəbindən işləyə bilmirik, ona görə də uşaqlarımızın müalicəsi, dəstək və yardım proqramlarından yararlana bilməsi və ailəmizin maddi vəziyyətini nəzərə alaraq 18 yaşına çatmamış fiziki imkanları məhdud uşaqların müavinətlərin daha da artırılmasını xahiş edirlər".

Deputat ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərin ödənişdən azad edilməsi üçün cənab prezidentə təşəkkürünü bildirərək III qrup əlilliyi olan gənclərin də müraciətlərini səsləndirib. Bildirib ki, bu gənclər də ödənişdən azad olunmaq üçün müraciət edirlər: "Bu, əlilliyi olan gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində çox önəmli rol oynaya bilər". Q.Paşayeva eyni zamanda fiziki imkanları məhdud insanların, əlilliyi olan şəxslərin  işlə təminatı ilə bağlı məsələyə də toxunub.  O, dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır: "Əlillərin iş yerləri ilə təmin olunması məqsədi ilə qanunla dövlət və özəl müəssisələrdə onlar üçün ayrılmış iş yerləri kvotalarına ciddi əməl olunması məqsədilə yeni nəzarət mexanizmləri yaradılıb. Bu istiqamətdə önəmli dəyişikliklərin olacağı ilə bağlı verilən məlumatlar yüksək qiymətləndirilməlidir. Ancaq o da məlumdur ki, şəhərlərə nisbətən iş yerlərinin daha az olduğu kənd rayonu bölgələrində bu məsələ xüsusi diqqətdə saxlanmalıdır. Bəzən işə götürən insanlar əlilliyi olan insanları işə götürmək istəməyəndə onların peşə biliklərinin az və yaxşı olmamasına əsaslanırlar. Fiziki imkanları məhdud insanların, əlilliyi olan şəxslərin peşə vərdişləri ilə bağlı məsələyə də daha çox  diqqət yetirilməlidir". Xanım deputat eyni zamanda bildirib ki, bu gün bir sıra ailələrdə məişət zorakılığı, ailə daxili zorakılıq halları baş verir, bunların sayı daha da artır: "Biz buna çox təəssüflənirik. Bunun nəticəsində ana və uşaqlar zorakılığın qurbanı olurlar. Zorakılığın qurbanı olan ana və uşaqlar bəzən gedəcək yer tapa bilmirlər və çox ağır vəziyyətlə üzləşirlər. Bu anaların dəstək ala biləcəyi sığınacaq mərkəzlərinin artması vacibdir. Belə anaların bu sığınacaq mərkəzlərində sığınacaq tapmaqla yanaşı, geniş şəkildə psixoloji, hüquqi və s. yardımları da ala bilməsi üçün şərait yaradılması çox önəmlidir və bu məsələyə xüsusi diqqət ayrılmalıdır".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31