Sürücü və piyada mədəniyyəti, yaxud mədəniyyətsizliyi...- Elçin Hüseynbəyli yazır
Sürücü və piyada mədəniyyəti, yaxud mədəniyyətsizliyi...-Elçin Hüseynbəyli yazır
15 Noyabr 2019 13:08 SosialElçin Hüseynbəyli
Bu məsələdə Dövlət Yol Polisinin də günahı var, şübhəsiz.
Hər səhər yolboyu gəzən adam sürücü və piyada mədəniyyətinin, yaxud əksinə şahidi olur. Bəndəniz kimi.
Bəzən adam nəinki şahid olur, hətta bu nadanlığa heyrət edir.
Piyada keçidində, yəni "zebra"larda elə hadisələrə rast gəlirsən ki, adamın ürəyi düşür.
Baxın, iri bir "Cip", yaxud eyni tipli "Leksus", ya "Prado" piyada keçidindən elə sürətlə keçir ki, baxıb heyrət edirsən. O biri tərəfdən isə nadan piyadalar qadağan olunmuş yerdən elə keçirlər ki, sanki podiuma qalxırlar. Hər iki halda bu, mədəniyyətsizlikdir. Bir vaxtlar piyadaları bu hərəkətlərinə görə cəzalandırırdılar və hamı da narazı qalırdı. Sonradan həmin qadağalar yığışdırldı.
Məncə, cəza həmişə olmalıdır. Sadəcə baxır necə və harada...
Dövlət Yol Polisinin gözü qarşısında bir "Mersedes" sürətlə piyada keçidini yarıb keçir və az qalır ki, iki qadını və bir uşağı vursun. Yaxud başqa bir sürücü piyada keçidinə yaxınlaşanda baxırsan ki, gözü yolda yox, telefondadır.
Mən polisdən soruşuram ki, piyada keçidlərində quraşdırılmış kameralara nəzarət edirlərmi və qaydanı pozan sürücülər cəzalandırılırmı? Cavab gözlənilməz olur:
-Məllim, ona biz baxmırıq, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəzsizlik Xiudməti baxır.
Qəribədir. Yola YPX nəzarət eləməlidir, təhlükəsizlik xidməti niyə? Sonradan mənə izah edirlər ki, yol polisi, yumşaq desək, düz danışmır. Kameralara da YPX cavabdehdir.
Hamını maraqlandıran başqa bir məsələ isə, yararsız maşınların istifadəsinə icazə verilməsidir. Paytaxtda elə maşınlara rast gəlirsən ki, onlar əslində çoxdandan maşın qəbiristanlığında çürüməliydilər. Ancaq şəhərdə tüstü buraxa-buraxa elə sərbəst şütüyürlər ki, adam məhəttəl qalır. Onların havaya atdığı tullantı, tüstü bir kilometr havadan asılı qalır və adamın ciyərlərinə hopur. Bəs, Ekologiya Polisi deyilən qurum hara baxır?
Mənə elə gəlir ki, bu mövzular aktualdır və jurnalist araşdırmasının predmetidir.
Sürücülərin piyadalara, piyadaların isə sürücülərə etinasız yanaşması vətəndaş cəmiyyəti ilə bir araya sığmır. Deməli, bizim bir-birimizə etibarımız və etimadımız yoxdur. Belə olan halda ölkənin qarşısında dayanan ən ciddi problemləri necə həll eləmək olar?
Diqqətli olun, dostlar! Allah sizi mədəniyyətsiz sürücülərdən və məsuliyyətsiz piyadalardan qorusun!
Noyabr, 2019