Təhsil müzakirələri davam edir

Təhsil müzakirələri davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Məktəb seminarları"nın növbəti sessiyaları Qaradağ rayonunun ümumi təhsil müəssisələrini əhatə edib. "OLAYLAR" xəbər verir ki, sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

"Məktəb seminarları" layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.

İdarə müdiri həmçinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində və "Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31