Bakı Slavyan Universitetində “Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabının təqdimat mərasimi keçirilib
Bakı Slavyan Universitetində “Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabının təqdimat mərasimi keçirilib
14 Noyabr 2019 15:44 SosialBakı Slavyan Universitetində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin hazırladığı "Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi" adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşları, BSU Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanlığı, Azərbaycan ədəbiyyatı kafedrasının müəllim və tələbələri iştirak edib.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə fakultə dekanı, professor Eldar Piriyev açıb. Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, eyni zamanda BSU Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi filologiya elmləri doktoru, professor Tahirə Məmməd çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 aprel 2019-cu ildə milli ədəbiyyatşünaslığımıza yeni yaradıcılıq keyfiyyətləri qazandırmış görkəmli alim Məmməd Cəfər Cəfərovun anadan olmasının 110-cu ildönümünün qeyd olunması barədə imzaladığı Sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bu Sərəncama əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş tədbirlərdən, nəşr olunmuş kitablardan bəhs edib.
Giriş sözündən sonra professor Tahirə Məmməd "Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs, romantizm və linqvopoetika problemi" adlı məruzə ilə çıxış edib. Tədbirdə şöbənin digər əməkdaşları filologiya elmləri doktoru Pərvanə İsayeva, filologiya üzrə fəlsəfə doktorları Simuzər İsmayılova və Maral Yaqubova, elmi işçi Şəfa Əliyevanın çıxışları da böyük maraqla dinlənilmişdir. Təqdimatda ədəbiyyatşünas alimin son dövrlərdə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə üzə çıxarılmış bədii yaradıcılıq nümunələri, onların nəşri haqqında da məlumat verilib. Daha sonra Azərbaycan ədəbiyyatı kafedrasının müəllimləri filologiya üzrə fəlsəfə doktoru Fərrux Məmmədov, Səməngül xanım və kollektivin bir çox nümayəndələri Məmməd Cəfər Cəfərovla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanlığına, Azərbaycan ədəbiyyatı kafedrasına və universitetin kitabxanasına AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu adından "Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi" monoqrafiyası hədiyyə edilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
.jpg)
.jpg)