Ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında dövlət, əsas etibarilə də dövlət başçısı maraqlıdır
Ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında dövlət, əsas etibarilə də dövlət başçısı maraqlıdır
13 Noyabr 2019 16:38 SosialVüqar Əhmədov: "yüzlərlə kütləvi informasiya vasitəsinin, yazılı və elektron media, televiziya kanallarının fəaliyyət göstərməsi Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğunun əyani sübutdur"
Amerika-Azərbaycan Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun ölkədə fikir, söz, məlumat azadlığının vəziyyəti, bu istiqamətdə atılan addımlar və əldə edilən müsbət nəticələrlə bağlı "OLAYLAR"-a müsahibəsi:

-Vüqar bəy, günümüzdə Azərbaycan mətbuatının durumunu necə dəyərləndirərdiniz?
-Dördüncü hakimiyyət hesab olunan mətbuatın inkişaf etdirilməsində bütün demokratik cəmiyyətlər maraqlı olmalıdır və müşahidə etdiyimiz müsbət tendensiya ondan ibarətdir ki, günümüzdə Azərbaycanda da bu istiqamətdə irəliləyiş özünü göstərir. Konkret ölkəmizə gəlincə deyə bilərəm ki, bu gün Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Bu inkişafın əsası isə hər kəsə məlumdur ki, müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məlum olduğu kimi müstəqiliyyimizin ilk illərində hər bir sahədə olduğu kimi mətbuat, kütləvi informasiya vasitələri sahəsində də müəyyən problemlər mövcud idi. Azərbaycan özünü müstəqil elan edib, demokratik cəmiyyətin bir üzvünə çevrilsə də, lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkədə həmin dövrdə mövcud olan vəziyyət, ictimai -siyasi proseslər heç də demokratik cəmiyyətlərə uyğun tərzdə cərəyan etmirdi. Konkret olaraq ölkədə demokratiya, insan hüquq və azadlıqları təmin edilmir, fikir, söz, məlumat və ifadə azadlığı kobud şəkildə pozulurdu. Təsəvvür edin ki, həmin illərdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, idarəetmədə mövcud olan problemləri mediada işıqlandırmaq, cəmiyyəti narahat edən problemləri kütləvi informasiya vasitələri yolu ilə müvafiq qurumlara çatdırmaq qeyri - mümkün idi. Birincisi, ölkədə sovetləri zamanından qalan senzura mövcud idi. Mərkəzi hakimiyyətin, dövlət qurumlarının maraqlarına zidd olan hansısa məqalə, ictimaiyyəti narahat edən hansısa problemin kütləvi informasiya vasitələrində işıq üzü görməsinə cəhd göstərilsə belə, həmin yası senzuradan keçmirdi. Yaxud hakimiyyətin idarəetmə sistemini, hansısa qurumda mövcud olan problemi işıqlandıran kütləvi informasiya vasitəsi barbarcasına hücuma məruz qalır, redaksiyaya qoluzorbalıların hücumu olur, yazının müəllifi fiziki təzyiqə, basqılara məruz qalırdı. Yazı müəllifinin döyülərək maşının yük yerinə salınması, yaxud qəzetin yazı müəllifinə zorla yedizdirilməsi kimi absurd, qeyri-qanuni və demokratik prinsiplərə zidd hərəkətlər nə qədər təəccüblü və təəssüfedici olsa da, yaxın tariximizdə baş verən mənfi hallardır. Ancaq sevindirici haldır ki, bu kimi mənfi hallar uzun müddət davam etmədi və ümummili lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir daha təkrarlanmadı. Əksinə bu istiqamətdə müsbət tendensiya baş verməyə başladı. Necə ki, hər bir sahədə qısa müddət ərzində tərəqqi, inkişaf müşahidə edildi, eləcə də mətbuat sahəsində bu inkişaf, irəliyə doğru müsbət addımın şahidi olduq.
-Ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin, mətbuatın inkişaf etdirilməsi istiqamətində konkret hansı addımlar atdı. Bir qədər ümumiləşdirə bilərsinizmi?
-Əvvəla onu qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev hələ sovetlərin zamanından media, kütləvi informasiya vasitələrinə açıq olan bir dövlət adamı kimi tanınırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev istər respublikaya rəhbərlik etdiyi dövrlərdə, istərsə də Moskvada keçmiş SSRİ - nin rəhbərliyində təmsil olunduğu dövrdə mətbuata ən çox müsahibə verən dövlət adamlarından biri kimi tanınırdı. Dərin siyasi təcrübəyə malik olan Heydər Əliyev gözəl bilirdi ki, görülən işlərin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələri əvəzsiz vasitədir. Elə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev bu prinsipə sadiq qaldı və media ilə daha sıx işləməyə, əməkdaşlıq etməyə başladı. Ümummilli liderin 1993-cü ilin iyununda ölkədə baş verən qardaş qırğını, hərbi qarşıdurmanı araşdırmaq, hadisənin baş verdiyi Gəncə şəhərinə səfər etmək təşəbbüsünə kütləvi informasiya vasitələrinin də qoşulması, media nümayəndələrinin Heydər Əliyevlə birlikdə Gəncəyə getməsi ümummilli liderin mətbuatla daha sıx işləməsi, öz növbəsində medianın da bu prosesdə maraqlı olduğunun göstəricisi idi. Baxmayaraq ki, həmin dövrdə Gəncəyə getmək kifayət qədər risqli idi və mətbuat nümayəndələrinin orada hansısa təxribatla üzləşəcəyi istisna edilmirdi, lakin buna baxmayaraq mətbuat nümayəndələri hər şeyi gözə alaraq ümummilli liderlə Gəncəyə getməyə üstünlük verdilər. Burada bir məqama da diqqət çəkmək lazımdır ki, o da Heydər Əliyev olan inam, güvəncdən irəli gəlirdi. Bir sözlə media nümayəndələri Heydər Əliyevin dərin təcrübəsi, çətin situasiyalardan bacarıqla çıxa bilmə imkanlarını nəzərə alaraq onunla birgə addımlamağa üstünlük verirdilər. Bir sözlə mətbuat nümayəndələri Heydər Əliyevin varlığını həyatları üçün zəmanət hesab edərək ümummilli liderlə birgə Gəncəyə səfər etdilər və orada baş verənlər KİV vasitəsilə xalqa daha dəqiq, operativ şəkildə çatdırıldı. O ki qaldı ümummilli liderin müstəqillik illərində, yəni 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gördüyü işlərə, bu işləri bir müsahibə ilə xarakterizə etmək bir qədər çətin olar. Yəni, deməyim odur ki, ümummilli liderin bu sahədə gördüyü işlər saysız - hesabsızdır. Bu sırada ən mühüm addım kimi senzuranın ləğvini göstərə bilərik. O dövrdə ölkədə senzuranın ləğv edilməsi kifayət qədər ciddi bir hadisə idi. Keçmiş sovetlər məkanında ilk dəfə Azərbaycanda atılan bu addım kifayət qədər mühüm hadisə sayılırdı və təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə müsbət qarşılanmışdı. Ümummilli lider Heydər Əliyev senzuranı ləğv etməklə azad söz, fikir, söz, məlumat və ifadə azadlığına nə qədər önəm verdiyini ortaya qoymuş oldu. Onu da qeyd edim ki, Heydər Əliyevin mediaya diqqət və qayğısı bununla kifayətlənmirdi. Ulu öndər kütləvi informasiya vasitələrinin o dövrdə ciddi şəkildə maliyyə problemləri ilə üzləşdiyinin fərqində idi. Elə ona görə də Ulu Öndər ölkədə işıq üzü görən kütləvi informasiya vasitələrinin, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını dondurdu. Bu həmin dövrdə kütləvi informasiya vasitələri üçün böyük bir dəstək idi. Demək olar ki, bununla ümummilli lider ölkədə nəşr olunan qəzetlərə bir nəfəs vermiş oldu. Heydər Əliyevin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə müntəzəm olaraq görüşməsi, onların problemlərini dinləməsi, qısa müddət sonra həmin problemlərin həlli istiqamətində mühüm addımlar atması ümummilli liderin mətbuata diqqət və qayğısının göstəricisi idi. Bir sözlə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi kütləvi informasiya vasitələrinin həyatında bir canlanma yaratdı, Azərbaycanda medianın inkişafını şərtləndirdi. Azərbaycan mediası Heydər Əliyevin timsalında özünə dost, himayədar qazanmışdı. Elə bu səbəbdən də Azərbaycan jurnalistləri ümummilli lider Heydər Əliyevi özlərinin dostu elan etdi. Artıq ölkədə media - dövlət münasibətləri yeni bir mərhələyə qədəm qoymuşdu və bu da ölkədə medianın inkişafı, tərəqqisinə yol açırdı. Eyni zamanda yaranmış vəziyyət Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının da tam mənada təmin olunmasına təkan verirdi.
-Hazırda da tam əminliklə deyə bilərikmi Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin olunur?
-Əlbəttə. Çünki ortada real vəziyyət, mənzərə var. Bu gün ölkəmizdə yüzlərlə kütləvi informasiya vasitəsinin, yazılı və elektron media, televiziya kanallarının fəaliyyət göstərməsi Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğunun əyani sübutdur. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında dövlət, əsas etibarilə də dövlət başçısı maraqlıdır. Cənab İlham Əliyevin prezident kimi ölkəyə rəhbərlik etdiyi 16 il ərzində mətbuat, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər, imzaladığı bir çox fərman və sərəncamların fonunda da bunu aydın şəkildə görürük. Ölkədə çap olunan qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanıb təsdiq edilməsi, qısa müddət sonra həmin konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, hər il KİV - lərə birdəfəlik yardımların ayrılması, jurnalistlərə fəxri adların verilməsi, həmçinin digər mühüm addımlar Azərbaycan Prezidentinin mediaya göstərdiyi diqqət və qayğının göstəricisi olmaqla yanaşı, həm də ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasına xidmət edən başlıca faktorlar idi. Bütün bunların fövqündə dayanan daha bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, bu da Cənab Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə atmış olduğu addımdır. Məlum olduğu kimi dövlət başçısının qeyd etdiyimiz istiqamətdə imzaladığı müvafiq sənədlər əsasında ötən illər ərzində media nümayəndələri üçün 2 yaşayış binası tikilib istifadəyə verilib və həmin binaların açılış mərasimində dövlət başçısı şəxsən iştirak edib. Istər KİVDF -nin qəzetlərin maliyyələşdirilməsi zamanı iqtidar - müxalifət mətbuatı ayrıseçkiliyi aparmaması, istərsə də jurnalistlərə mənzillərin verilməsi zamanı mətbu orqan nümayəndələrinin siyasi mövqeyinin əsas götürülməməsi də bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti, şəxsən dövlət başçısı Cənab İlham Əliyev üçün əsas prioritet ölkədə azad mətbuatın mövcud olması, fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edilməsidir. Və hazırda da qeyd etdiyimiz prinsiplər tam mənada qorunur, təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir