Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak edirlər
Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak edirlər
13 Noyabr 2019 15:42 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 13-16 noyabr 2019-cu il tarixlərdə "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edirlər. "Olaylar" xəbər verir ki, "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur -aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə şəhər məktəblilərinin yaxından tanış olması onlarda xüsusi təəssüratlar yaradacaqdır. Natiq çıxışına davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısını xüsusi vurğulamışdır.
Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, "Nəfis"çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.