Havaya normadan çox tüstü buraxan restoranların ADLARI açıqlandı – Ciddi xəbərdarlıq
Havaya normadan çox tüstü buraxan restoranların ADLARI açıqlandı – Ciddi xəbərdarlıq
8 Noyabr 2019 18:07 SosialHavanı ən çox çirkləndirən ictimai-iaşə obyektləri Nizami rayonunda qeydə alınıb
Noyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə nazirliyin departament direktoru Hikmət Əlizadə, nazirliyin nümayəndəsi Vüqar Kərimov, nazirliyin departament direktoru Mehman Axundov jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
Canavarların son zamanlar kəndlərə hücumlarının artma səbəbləri ilə bağlı danışan Hikmət Əlizadə bildirib ki, payız və qış fəslində canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır: "AMEA-nın Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və evlərin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".
H.Əlizadə qeyd edib ki, az ölkələrdə canavarların yemlənməsi üçün meşələrə yem qoyulma halları olur: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv üsul saymıram. Əsas odur ki, insanlar daha məsuliyyətli olmalıdır".
"Dünyada çox az sayda ölkələr, o cümlədən Azərbaycan kənd təsərrüfatı heyvanlarını saxlamaq qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub və heyvan yiyəsiz qalıb. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatsa, dövlət tərəfindən onun tənzimlənməsi məsələsinə müdaxilə oluna bilər", - Nazirlik rəsmisi əlavə edib.
Qanunsuz ovçuluqla bağlı danışan departament direktoru vurğulayıb, iki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb. Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.
H.Əlizadə bildirib ki, iki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib. Onun sözlərinə görə, xarici vətəndaşlara ovçuluq biletlərinin verilməsi hələlik nəzərdə tutulmur: Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".
H.Əlizadə bildirib ki, vətəndaşlar ov icazələrinin alınması üçün yaşadıqları regional idarələrə müraciət etməlidirlər: "Vətəndaş ov icazəsinin alınması üçün ovçuluq biletini təqdim edir. Amma ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq, fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarında hər bir quşa, heyvana görə ayrılıqda müəyyən edilmiş ödəmə əmsalı qeyd olunub".
H.Əlizadə əlavə edib ki, qanunsuz ova görə cərimələr İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Bu cərimənin məbləği min manatdan iki min manata qədərdir: "İstər yerli, istər xarici vətəndaş ov obyektinin sayına uyğun da cərimə ödəyir. Təbiətə dəyən zərərin miqdarı 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılır".
Respublikanın iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncədə fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinqlərin nəticələrini açıqlayan Vüqar Kərimov bildirib ki, havanı ən çox çirkləndirən ictimai-iaşə obyektləri Nizami rayonunda qeydə alınıb. Buna səbəb həmin ərazidə olan şadlıq saraylarının sayının çoxluğudur: "Həmin ərazidə fəaliyyət göstərən Cənnət, Xan bağı, Xan sarayı, Madonna, Milord, Hissa, Grace Hall, Ayla şadlıq sarayları, Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan artıq olub.
Binəqədi rayonunda Sonalar sonası, Qızıl tac, Şahənşah, Mələk, Oğuz xan, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Elgün, Neapol, Movida, Mirana, Leyla, Şəhzadə, Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Dan ulduzu, Şəhanə, Tural, Nurlan və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır".
Nazirlik rəsmisi şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib. O deyib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq: "İstehsalat müəssisələri kimi iaşə obyektlərində də mühafizə zolağı olmalıdır. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlamalı, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq".
Brokonyerlərə qarşı mübarizə üsullarından danışan Mehman Axundov bildirib ki, bu cür vacib məsələlərin həllində ictimaiyyət də kənardan müşahidəçi kimi qalmamalıdır: "Xahiş edirik ki, brokenyerliklə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına, Su nəqliyyatında polis idarəsinə məlumat verilsin".
Departament direktoru qeyd edib ki, brokonyerliyin qısa müddətdə qarşısının alınması mümkün deyil: "Təbiətsevərlərlə, həvəskar balıqçılarla, ictimaiyyətin digər nümayəndələri ilə birlikdə qadağan olunmuş vasitələrlə ov edənlərin ictimai qınağa tutulması, sivil balıq ovlanmasının nümayişi və təbliği ilə problemin tədricən həllinə nail olmaq mümkündür".
Nigar Orucova
Olaylar.az