Nazirlik "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirib

Nazirlik "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirib

Uşaqlara diqqətin artırılması məqsədilə 20 oktyabr - 20 noyabr tarixlərində elan olunmuş "Uşaq Hüquqları Aylığı" çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların fəal iştirakı ilə müxtəlif, o cümlədən orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində görüşlər təşkil olunub, uşaq evlərinə baş çəkilərək azyaşlılara qayğı göstərilib, uşaq hüquqları mövzusunda Ədliyyə Akademiyasında təlimlər, Penitensiar xidmətin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumların cəmiyyətə inteqrasiyası, onlara hüquq və vəzifələri ilə bağlı biliklərin öyrədilməsi, eləcə də uşaqlara qarşı zorakılığın hər hansı növündən müdafiəsi və qarşısının alınması istiqamətində ictimai maarifləndirmə tədbiri keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın 46 və 54 nömrəli tam orta məktəblərində "Uşaq Hüquqları Aylığı"na həsr olunmuş maarifləndirici görüşlər keçirilib.

9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində keçirilən görüşlərdə Nazirliyin, o cümlədən Ədliyyə Akademiyası və Məhkəmə Ekspertiza Mərkəzinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və məktəbin rəhbər və məsul şəxsləri, yuxarı siniflərin şagirdləri və müəllimlər, valideynlər iştirak ediblər. Açılışda Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova, Nəsimi Rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova və 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova tərəfindən çıxış edilərək ümummilli lider Heydər Əliyevin uşaqların hərtərəfli inkişafına yüksək qayğısından, ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs olunub, dövlət uşaq siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu sahədə həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri qeyd olunub.

>

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31