Fikir və söz azadlığı Azərbaycanda demokratiyanın vacib elementi kimi qəbul edilir

Fikir və söz azadlığı Azərbaycanda demokratiyanın vacib elementi kimi qəbul edilir

Azərbaycan fikir, söz və məlumat azadlığına çoxvektorlu, universal şəkildə yanaşır. Ölkəmizdə söz, fikir və məlumat azadlığının mövcudluğu danılmaz faktordur. Demokratiyanın fundamental dəyərlərindən hesab olunan bu dəyərlər ölkəmizdə günü-gündən inkişaf edir. Dövlət isə öz növbəsində bu sahələrin inkişafına xidmət edən ardıcıl islahatlar həyata keçirir. Təkcə ölkədə qeydiyyatdan keçən kütləvi informasiya vasitələrinin sayı bu sahədə real mənzərəni ortaya qoyur. Azərbaycan dünya birliyinin bir üzvü olaraq demokratik dəyərləri, prinsipləri üstün tutan, onu  inkişaf etdirən ölkələrdən biri kimi tanınır. Demokratik dəyərlərin tərkib hissəsi, ayrılmaz qolu olan əsas amillərdən biri də fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsidir. Qətiyyətlə demək mümkündür ki, bu gün fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsi və qorunması ölkəmizdə prioritet məsələlərdəndir. Təsadüfi deyil ki, qeyd edilən istiqamətlərdə əldə edilən yüksək nailiyyətlər, uğurlar media nümayəndələri tərəfindən də təqdir edilir və yüksək qiymətləndirilir. 

Azərbaycan mətbuat sahəsində demokratiya, söz və fikir azadlığının təmin olunmasında dünya dövlətləri arasında xüsusi yer tutur. Xüsusilə, müstəqillik illərindən sonrakı dövrdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar, tədbirlər təqdirəlayiq hesab edilə bilər. Birmənalı olaraq söyləyə bilərik ki, məhz müstəqillik illərindən sonra Azərbaycan mediası özünün inkişaf mərhələsinə qədəm qoydu. Bu müsbət tendensiya isə daha çox ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra vüsət almağa başladı. İstər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı, kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün yaradılan şərait deyilənlərin əyani sübutu, təsdiqidir. Bu gün qətiyyətlə və heç bir mübaliğə olmadan deyə bilərik ki, Azərbaycanda söz, fikir, ifadə, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunur, qorunur. Məhz bu müsbət tendensiyaya görədir ki, günümüzdə Azərbaycan söz və ifadə azadlığının ən yüksək səviyədə təmin olunduğu ölkələrdən biri, bəlkə də birincisi olaraq əksər ölkələrə, xüsusilə region dövlətlərinə nümunə olaraq göstərilir. Ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətləri kifayət qədərdir və sadaladıqca bitməz. Heydər Əliyevin bu sahədə atmış olduğu ən mühüm addım isə senzuranı ləğv etməsi oldu. Həmin tarixdən Azərbaycanda azad söz, fikir və ifadə azadlığı, plüralizmin təməli qoyuldu. Artıq kütləvi informasiya vasitələri heç bir senzuradan keçmədən, materialları qəzet səhifələrindən çıxarılmadan işıq üzü görürdülər ki, bu da həmin dövrdə KİV sahəsində edilmiş inqilabi dəyişiklik idi. Sonrakı dövrlərdə də ümummilli lider müstəqil respublikanın müstəqil mediasının formalaşması, inkişaf etməsi məqsədilə bir çox məqsədyönlü addımlar atdı, qərarlar qəbul etdi. Ümummilli lider hər zaman mətbuata diqqətlə yanaşır, kütləvi informasiya vasitələrinin üzləşdiyi problemlərin həlli istiqamətində təqdirəlayiq addımlar atırdı. Qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi da məhz bu qəbildən atılan addımlardan idi.  Məhz bütün bu addımlar, mətbuata göstərdiyi əvəzsiz diqqət və qayğının göstəricisi idi ki, ümummilli lider Heydər Əliyev ölkənin media cameəsinin birmənalı mövqeyinin nəticəsində "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Bu həm də mətbuatla dövlətin, onun rəhbərliyinin sıx əməkdaşlıq etdiyinin bariz nümunəsi idi.

Respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olaraq təsbit edilib. Konsepsiyada o da təsbit edilib ki, çağdaş informasiya kommunikasiya texnologiyalarının inkişafı, toplumun sosial-siyasi və mədəni yaşamında kütləvi informasiya vasitələrinin  təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Bəllidir ki, ölkəmizin dünya informasiya məkanına daxil olması ilə bağlı, şəxsiyyətin, toplumun və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi özəlliklə önəm daşıyır. Buna görə də, sözügedən konsepsiyaya uyğun olaraq, kütləvi informasiya vasitələrinin  inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi çağdaş dövrümüzün tələbi mahiyyətindədir.  Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi toplumda söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu özündə ehtiva etməsi ilə ayrı bir yerə sahibdir.

Müstəqilliyinin ilk illərindən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin 26 illik müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Belə şəraitdə hakimiyyətə gələn Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi. 1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Bir sözlə hazırda ölkəmizdə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılıb. İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan mətbuatının tarixinə nəzər salsaq aydın görünər ki, mətbuatımızın şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir,  kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışır. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var. Onlar müxtəlif holdinqlərdə birləşiblər.
Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi də yüksək səviyyədə təmin olunur. İnsanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər. Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var. Söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir mane yoxdur.

Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub saxlayır və Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi bu gün də qeyd etdiyimiz məsələlərə xüsusi həssaslıqla, diqqətlə yanaşır. Çünki demokratik cəmiyyətlərdə, ölkələrdə siyasi plüralizmin təmin olunması, fikir, söz və məlumat azadlığının təmin edilməsi vacibdir, zəruridir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdən söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlərlə müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyalarınn seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Tolerantlıq plüralizmin bir şərtidir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31