Brüsseldə “Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirilib
Brüsseldə “Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirilib
7 Noyabr 2019 14:46 SosialAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Avropada diaspora və media lobbiçiliyi" layihəsinin icrasına başlayıb. "OLAYLAR" xəbər verir ki, layihə çərçivəsində noyabrın 5-də Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə Gresham Belson Hoteldə "Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" mövzusunda praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AAK-ın prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Avropada Azərbaycan diasporunun durumu, görülən işlərlə bağlı geniş məlumat verib.
Konfransda çıxış edən ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, konfrans da bu gün çox aktual mövzular olan "Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi - mövcud təcrübə və perspektivlər. Azərbaycan və Avropanın KİV-ləri arasında əməkdaşlığın qurulmasında diaspor təşkilatlarının rolu"mövzusu və "Sosial şəbəkələr və Azərbaycan reallıqları" müzakirə olunacaqdır. Bu müzakirədə sosial şəbəkələrin Azərbaycan reallıqlarının təbliğinin effektiv vasitələrindən biri kimi və ümumiyyətlə virtual məkanın imkanlarından istifadə edilməsi kimi önəm kəsb edən məsələlərdir: "Bilirsiniz ki, təbliğat sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, sosial şəbəkələrin imkanları azərbaycanlı gəncləri maraqlandıran və cəlbedən əsas amillərdən biridir. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı da yaddan çıxmamalıyıq. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək lazımdır. Bu istiqamətdə ötən dövrdə diaspor təşkilatlarımız tərəfindən müəyyən işlər görülüb. Lakin hələ qarşıda görüləcək işlər də çoxdur. Biz diasporumuzun böyük potensialını səfərbər etməliyik. Bir sözlə, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resursları yetərli deyil, dünya azərbaycanlıları da bu işə öz töhfəsini verməlidirlər".
İlham İsmayılov qeyd edib ki, informasiya məkanında xarici KİV-lərdə çıxış etməyin əhəmiyyəti çox böyükdür:" biz bu istiqamətdə işlərimizi daha sağlam qurmaqla yanaşı, həm də bütün türkdilli xalqların diaspor təşkilatları ilə də əməkdaşlığımızı artırmalı və onların gücündən də istifadə etməliyik".
Konfransda Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Əflatun Amaşov "Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi-mövcud təcrübə və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.
Əflatun Amaşov bildirib ki, bu gün bütün dünyada İnformasiya artıq qlobal mahiyyət daşıyır, ölkələri, cəmiyyətləri yönəldən güc faktoru rolunda çıxış edir: "Belə bir şəraitdə qarşımızda tam yeni vəzifələr dayanır. Başlıca vəzifə diasporumuzla mediamızın həmahəng strukturunun yaradılmasıdır. Diaspor təşkilatları ölkəmizlə bağlı təbliğat məsələlərində media üçün bir növ, mayak rolunu oynamalıdırlar. Diaspor medianı konkret hədəflər üçün yönləndirməlidir. Konkret iş apararaq müəyyənləşdirməlidir ki, təbliğatla bağlı hansı məsələlərin qabardılması xeyrimizədir. Hətta zərərli məqamlar barədə də ətraflı bilgi toplamalıdır. İşlər sistematik qurulmalıdır, bir-birini tamamlamalıdır. Kifayət qədər həssas yanaşılmalıdır. Bu həssaslıq yükünü həm diaspor, həm də media birlikdə daşımalıdır".
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan mediası diasporumuzun işinə dəstək verməyə tam hazırdır: "Bilirsiniz ki, mediamız müstəqillik illərində kifayət qədər uğurlar əldə edib. Bu uğurlar heç şübhəsiz ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Cənab Prezident hər zaman media qarşısında böyük vəzifələr müəyyənləşdirir. Bunların içərisində xarici dil biliklərinə sahib olmaq əsasdır. Yəni bizim mediamızın peşəkarlıq göstəricisi həm də xarici dil biliyindən asılıdır. Bu isə təbii ki, Azərbaycan həqiqətlərinin xaricdə təbliği üçündür".
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş sektorunun müdiri,siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev "Sosial şəbəkələr və Azərbaycan reallıqları (həqiqətlərin təbliğinin effektiv vasitələrindən biri kimi) mövzusunda məruzə ilə çıxış edib. Q.Əliyev öz məruzəsində qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasəti, uğurlu enerji layihələri nəticəsində bir tərəfdən onun beynəlxalq nüfuzu artırsa da, digər tərəfdən də ölkəmizi sevməyən qüvvələri narahat edir, onlar tərəfindən ölkəmizə olan təzyiqlər də artır.
Qafar Əliyev bildirib ki, Azərbaycana qarşı sistem halında fəaliyyət göstərən erməni lobbi və diaspor qurumlarının fəaliyyətinə Avropa İttifaqı, Avropa Parlamenti, Avropanın Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, İtaliya, İsveç, Norveç və s. kimi dovlətlərinin dövlət və bələdiyyə qurumlarında da rast gəlinir." Təəssüf ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş bəzi azərbaycanlı soydaşlarımız da həmin ölkələrdə kök salan antiazərbaycan qüvvələrin və erməni diasporunun və lobbisinin təsiri altına düşərək, Azərbaycan iqtidarının yeritdiyi siyasət ətrafında daim qara pərdə çəkərək daim mənfi informasiyalar, yalan, şər və böhtan uyduraraq dünya ictimaiyyətini çaş-baş salırlar".
Konfransda çıxış edən Azərbaycanın Avropa İttifaqı bə Belşika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan Avropa məkanında diaspor və media qurumları ilə ıməkdaşlıqda hər zaman maraqlı olub: "Biz də birgə əməkdaşlıq etməkdə maraqlıyıq. Birlik bizi vahid mövqeyə çatdırmalıdır. Bu gün Avropada bizim bir dövlət olaraq qiymətimiz hər keçən gün daha da artır, ölkəmiz önəmli bir tərəfdaş ölkə kimi qəbul olunur. Təbii ki, siz diaspor təşkilatlarının da rolu böyükdür. yerli ictimai və media qurumları ilə əməkdaşlıq daha da güclənməlidir. Xüsusilə burada regionlarda işlər görülməlidir.Bizim ortaq fəaliyyətimiz nəticəsində Belçikanın regionlarında Qarabağ atına, Azərbaycan şairəsi Natavana heykəl qoyulub.Belə nümunələri artırmalıyıq".
Daha sonra çıxış edən jurnalist Elnaz Agahkan, Real TV-nin Avropa bürosunun əməkdaşı Xatirə Abdullazadə, AAK-ın vitse-prezidenti Rövşən Tağıyev, Ustad jurnalının baş redaktoru Şəmil Sadiq, Birlik jurnalının baş redaktoru İlqar İlkin, Nadir Holdenberg diaspor təşkilatları ilə media qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz təkliflərini səslındirdilər. Konfransın sonunda plaket təqdim olundu və konfrans iştirakçıları adından müraciət qəbul olunub.