Mikrobiologiya İnstitutunda hesabat yığıncağı keçirilib
Mikrobiologiya İnstitutunda hesabat yığıncağı keçirilib
7 Noyabr 2019 14:39 SosialNoyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun 2019-cu ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini,AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, bölmənin elmi katibi Afiq Məmmədov və institutun əməkdaşları iştirak ediblər.
Əvvəlcə Zeynal Əkpərov gündəlikdəki məsələ barədə məlumat verib.
Sonra institutun direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edib. P.Muradov ölkə başçısının müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verib. Bildirilib ki,hesabat dövründə" 2017-2020-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı" çərçivəsində AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsində institut fəal iştirak etmişdir. Hesabat dövründə "Göbələklərdən qida,yem və tibbi təyinatlı bioloji aktiv maddələrin produsentləri kimi istifadənin eko-biotexnoloji əsasları" problemi üzrə 3 mövzu əsasında tədqiqatlar aparılıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə institutda 2 problem 7 mövzunu əhatə edən 10 işin 22 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif ərazilərində olan su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib. İnstitutda üç şöbə və yeddi laboratoriya fəaliyyət göstərir. Hesabat ilində AMEA-nın prioritet istiqamətlər üzrə elan etdiyi innovativ layihələrdə institutun əməkdaşları fəal iştirak ediblər. İnstitut əvvəlki illərdə bağlanmış müqavilələr çərçivəsində Ukraina EA-nın Mikrobiologiya və Virusologiya İnstitutu ilə əməkdaşlıq etmişdir.
Qeyd edilib ki, cari ildə institut əməkdaşlarının 68 elmi əsəri çap olunub. Onlardan 40-ı elmi məqalə, 2-si kitab, digərləri isə konfrans materialı və tezislərdir. 28 məqalə, 1 monoqrafiya və 10 tezis xaricdə dərc edilib. Dərc edilən məqalələrdən 2-si "Web of Science" 1-i Scopus,10-u İndex Copernicus İnternational, 2-si IRİNS, 7-si isə digər beynəlxalq bazalara daxil olan nəşrlərdə dərc edilib.
Sonra iclasda hesabatla bağlı müzakirələr aparılıb. Zeynal Əkbərov gələcəkdə institutun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda Mikrobiologiya İnstitutunun 2019-cu ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.

