Komitə sədri “Ailə psixoloqu” institutunun yaradılmasını təklif edib
Komitə sədri “Ailə psixoloqu” institutunun yaradılmasını təklif edib
7 Noyabr 2019 13:52 SosialMilli Məclisin Komitələrində "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova təkliflərini irəli sürüb. "Olaylar" xəbər verir ki, Komitə sədri H. Hüseynova bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin rifahının yaxşılaşmasına, qadınların imkanlarının artırılması və uşaqların inkişafı istiqamətində geniş imkanlar yaradır. Komitə rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu istiqamətdə önəmli fəaliyyətini, xüsusən də həssas qrupa aid ailələrə diqqətini, vurğulayıb.
Komitə sədri çıxışında bütün görülən tədbirlərlə yanaşı regionlarda həssas qrupa aid ailələrə dəstək verilməsi, doğulan uşaqlar arasında cins nisbətinin pozulması hallarının aradan qaldırılması, erkən nikahda olanlara və zorakılığa məruz qalan hər bir vətəndaşa lazım olan dəstəyin, xidmətin əlçatımlılığının təmin edilməsi üçün bu sahəyə diqqətin artırılmasına ehtiyac olduğunu vurğulayıb. O, digər bu kimi məsələlərə də toxunaraq dövlət yardım mərkəzlərinin açılması, "Uşaq qaynar xətti"nin yaradılması, "Ailə psixoloqu" institutunun, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qayğı sisteminin yaradılması kimi təklifləri büdcə layihəsində diqqətə alınması üçün təqdim edib.