Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur
Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur
6 Noyabr 2019 15:15 SosialBu gün dünyada və cəmiyyətimizdə fikir, söz və məlumat azadlığı çox vacib amillərdəndir: Hər bir ölkənin demokratik prinsiplərlə inkişaf eləməyi üçün fikir, söz və mətbuat azadlığı mütləqdir. Təsadüfi deyil ki, Azərbaycan dövləti bununla bağlı qanunvericilik faktları formalaşdırıb.
Azərbaycanda fikir, söz və mətbuat azadlığı mövcuddur. Azərbaycan qanunvericiliyi söz və mətbuat azadlığı o qədər dəqiq qoyulub ki, bizim KİV haqqında qanunumuz Avropa şurasının ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biridir. bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir: "Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb. Xüsusi jurnalistika təhsili almayan bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbuada məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın, xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir. Azərbaycan jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır. Jurnalistika xüsusi elm sahəsidir. "Jurnalistika aləminə daxil olarkən, ilk növbədə bu aləmi təşkil edən elementləri bütöv görə bilmək, "jurnalistika" anlayışının mahiyyətini dərk etmək lazımdır. Bunun üçünsə, bəzi təsəvvürlərdə olduğu kimi, köşklərdəki yüzlərlə qəzeti görmək, çoxsaatlı teleproqramlara baxmaq kifayət deyil. Çünki bunlar "jurnalistika" deyilən mürəkkəb bir sahənin nəticə məhsullarıdır. Jurnalistika bu məhsulun yaranmasının, onun oxucuya, tamaşaçıya necə çatdırılmasının sirlərini öyrədən bir mürəkkəb mexanizmdir.
Bu mürəkkəb mexanizm, bu mürəkkəb anlayış birdən-birə yaranmayıb. Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət, bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini öyrənmək çox vacibdir. Ölkəmizdə yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək fəaliyyət göstərir. Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü halda Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin inkişafı ilə yanaşı, müstəqil fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı və bu addımlar tez bir zamanda bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi.
Bu gün demək olar ki, Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur.
bu gün Azərbaycanda internet azadlığı da mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Prezident İlham Əliyev də mətbuatın və jurnalistlərin dostudur. Dövlət başçısının bu mükafata iki dəfə layiq görülməsi təsadüfi deyil. Son illər ölkəmizdə fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində yeni addımlar atılıb. Bunun ən bariz nümunəsi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Prezident bununla kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəklədiyini bir daha nümayiş etdirdi. Fond maliyyə informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır, habelə jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək məqsədi ilə proqramları, layihələri və digər tədbirləri maliyyələşdirir. Bu dəstəkdən bütün normal qəzet-jurnallar bəhrələnir.
Azərbaycan fikir, söz, məlumat azadlığının, plüralizmin bərqərar olduğu bir dövlətdir. Ölkədə demokratiyanın əsas atributlarından sayılan bu dəyərlər durmadan inkişaf edir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir