Nazirlik dövlət başçısının Fərmanının icrası məqsədilə görülən işləri açıqlayıb
Nazirlik dövlət başçısının Fərmanının icrası məqsədilə görülən işləri açıqlayıb
6 Noyabr 2019 14:49 SosialDövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında məhkəmə sisteminin qarşısında duran bütün məsələlər, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən, onların məhkəmə mübahisələrinin operativ həlli ilə bağlı tədbirlər əhatə olunub. Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, Fərmanın icrası çərçivəsində nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib. Həmçinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə mütəmadi ən aktual, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir.
Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.