Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
6 Noyabr 2019 14:45 SosialƏdliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında dövlət başçısının iqtisadi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının vəzifələri müzakirə olunub. "Olaylar" xəbər verir ki, nazir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, beynəlxalq hesabatlarda ölkə rəhbərliyinin dünyada islahatlara meyllilik səviyyəsinə görə öncül olduğunu və bütün sahələrdə əldə etdiyi yüksək nailiyyətləri vurğulayıb, şəffaflığın təmin olunması, iqtisadiyyatın inkişafına mane olan halların aradan qaldırılması, habelə bank sektorunun iqtisadi artımın maliyyələşdirilməsində fəal iştirakı ilə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. Bildirilib ki, həmin tapşırıqlardan irəli gələn vəzifələrə dair Azərbaycan Banklar Assosiasiyasının və bank sektorunun rəhbər şəxsləri ilə nazirlikdə "dəyirmi masa" keçirilərək bankların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə məlumat verilib, bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahələrində problemlər müzakirə olunaraq birgə işçi qrupları yaradılıb. İclasda işçi qrupların fəaliyyəti ilə bağlı məlumatlar dinlənilərək qaldırılan məsələlərin çevik həlli üzrə konkret tapşırıqlar verilib. İclasda ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və rəqəmsallaşdırılmasına, işlərə daha operativ və keyfiyyətlə baxılmasına xidmət edən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması üzrə görülən işlər qeyd olunub, bu məqsədlə hazırlanmış "Mobil məhkəmə" proqram təminatının təqdimatı keçirilib.