Suyun sirri, zalımın mahiyyəti...- Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

... Qoca Mələklə gəzə-gəzə gəlib bir malikanənin qabağına çıxdıq. Darvazası açıq idi. Gözəl həyəti və bağçası vardı. Bağçada cürbəcür güllər  açmışdı, rəngbərəng quşlar ötüşür, cəhcəh vururdu. Elflər bu çiçəkdən o çiçəyə qonurdu. Səliqə ilə geyinmiş bağbanlar və qulluqçular bağçaya qulluq edirdilər.

Eyvanın qarşısındakı taxtda  suyuşirin bir adam oturmuşdu. Bir dəstə su sonası ona qulluq edirdi.

Həmin adam bizi görən kimi təzim elədi. Biz də eləcə.

Sonra:

-Yoldan gəlmisiniz, su için. Bu su siz içdiyinizdən deyil, bu, başqa sudur. Yorğunluğunuzu çıxarar, - suyuşirin adam dedi.

Qulluqçular kuzədə su gətirdilər.

Doğrudan da fərqli su idi. İçəndə sanki bütün bədənin çiçək açırdı, dünyaya hakim olurdun.

Qoca Mələkdən onun kimliyini soruşdum.

-Qoy, özü danışsın, -dedi.

Həmin adam  belə bir əhvalat danışdı:

-Mənim bir yaxın qohumum vardı. Çox imkanlıydı, varlı-hallıydı, ticarətçiydi. Bir gün o, ağır xəstəliyə tutuldu. Hara apardıqsa müalicəsi olmadı. Loğmanlar dərdinə çarə edə bilmədilər. Ölüm ayağında o, həkimə yalvardı ki, bir stəkan soyuq su versinlər. Amma həkim razı olmadı, dedi ki, olmaz, soyuq su onun ölümünü yaxınlaşdırar.

Həkim gedəndən sonra xəstə yazıq-yazıq üzümə baxdı və dedi:

-Bilirsən ki, ömrümə az qalıb. Bir azdan məni aparacaqlar. Sən də ora nə zamansa gələcəksən. Əgər istəyirsənsə ki, üzünə yaxşı baxım, onda mənə bir stəkan soyuq su gətir.

O, haqlıydı. Ölüm ayağında olan adamın arzusunu yerinə yetirmək savabdandır. Ölüm hökmü çıxarılmış caninin belə son arzusunu yerinə yetirirlər.  Ona görə də çölə çıxdım və hamıdan xəlvət ona su gətirdim. Stəkanı başına çəkdi və elə ləzzətlə içdi ki, elə bildim, bu saat durub yeriyəcək. Stəkanı mənə qaytaranda əlimdən öpmək istədi, qoymadım və bir azdan gözlərini həmişəlik yumdu. Bu savabıma görə məni cənnətə saldılar.

-Bəs, o, yəni sənin su verdiyin adam, o hardadır?

-Bilmirəm. Bura gələndən onu görməmişəm.

Onda Qoca Mələk köməyə gəldi və belə bir əhvalat danışdı:

"Bir gün Süleyman peyğəmbər Tanrıdan xahiş edir ki, ona dünyanın ən zalım adamını göstərsin. Süleyman peyğəmbər Tanrının sevimlisi olduğuna görə sözünü yerə salmır və deyir ki, Böyük Yolun üstündə dur və gözlə, həmin adam gəlib keçəcək...

Axşam düşəndə Süleyman peyğəmbər Tanrıdan soruşur ki, bəs həmin zalım adam niyə gəlib keçmədi? Tanrı da cavab verir ki, gəlib keçdi. "Mən görmədim axı!? Burdan yalnız bir zahid keçdi. Ağzı dualı adamdır və gözümü açandan sənə dua eləyir."

Tanrı belə cavab verir: "Həmin zahid ömründə bir dəfə də olsun yaxşılıq eləməyib..."

Mən Qoca Mələyin nə dedyini anladım və başqa sual vermədim...

Noyabr, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31