Ombudsman: “1 milyondan artıq qaçqın və məcburi köçkünün bütün fundamental insan hüquq və azadlıqları pozulub”
Ombudsman: “1 milyondan artıq qaçqın və məcburi köçkünün bütün fundamental insan hüquq və azadlıqları pozulub”
4 Noyabr 2019 16:15 SosialBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə "Məcburi köçkünlərə BMT QAK tərəfindən göstərilən köməklik" mövzusunda dəyirmi masa keçirilib. Şəbəkə şəklində məlumatlandırma və əlaqələndirmə işinin genişləndirilməsi məqsədini daşıyan bu toplantıda dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV nümayəndələri iştirak ediblər. "Olaylar" xəbər verir ki, Ombudsman Elmira Süleymanova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirdə çıxış edərək, ictimaiyyətin diqqәtinin qaçqın və məcburi köçkünlərin hüquqlarının daha səmərəli müdafiəsinə yönәldilmәsi və bu sahədə inkişafa nail olunması istiqamətində çevik mexanizmlərin icra edilməsi, bu prosesdə iştirakçılığın, əməkdaşlığın və kütləviliyin vacibliyini vurğulayıb.
Müvəkkil tədbirdə çıxış edərək bildirib ki, gələcəyi qurmaq üçün keçmiş vəziyyət unudulmamalıdır. O, 90-cı illərin əvvəllərində 7 rayonumuzun zəbt edilməsi, eyni zamanda etnik təmizləmə nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün insan kütləsinin yaranması, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından və atəşkəsin elan olunmasından sonra bu prosesin dayandırılmasına nail olunduğunu qeyd edib. Həmçinin, vurğulanıb ki, əgər sayı 7 milyarddan çox olan dünya əhalisinin 70 milyon nəfərini, yəni təxminən bir faizini qaçqın və məcburi köçkün təşkil edirsə, 10 milyon əhalisi olan Azərbaycanda bu qəbildən olan şəxslər ölkə əhalisinin on faizini təşkil edir. Praktiki olaraq, belə vəziyyət heç bir ölkədə müşahidə olunmur. Ölkəmizdə bu insanlar öz doğma yurd-yuvalarını hərbi təcavüz və ərazilərimizin işğalı nəticəsində tərk etməyə məcbur olublar. Nəticədə onların demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları pozulub. Bu əhali qrupunun rifahının yaxşılaşdırılmasının və ləyaqətlə, təhlükəsiz şəraitdə öz doğma yurdlarına dönməsinin ölkəmiz üçün prioritet məsələ olduğu vurğulanıb.