Azərbaycanda hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək hüququ var

Azərbaycanda hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək hüququ var

İfadə və məlumat azadlığı qanunla müəyyən edilmiş hallarda  məhdudlaşdırıla bilər

Azərbaycanda söz və mətbuat, ifadə azadlığının təmin olunması üçün bütün lazımı inkanlar yaradılıb. Hazırda ölkə vətəndaşları beynəlxalq standartlar əsasında hazırlanmış milli qanunvericilik çərçivəsində söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edə bilir. Lakin mövcud vəziyyət heç bir halda əsas vermir ki, söz və mətbuat azadlğı üçün yaradılmış şəraitdən sui-istifadə olunsun. Elə bu səbədən də həm beynəlxalq sənədlərdə, həm də yerli qanunvericilikdə ifadə və məlumat azadlığıni məhdudlaşdıran hallar müəyyən olunub.     Hüquqşünas Azad Rzayev qeyd edib ki, Azərbaycanın üzvü olduğu Avropa Şurasının təməl sənədlərindən biri olan və 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilən "Avropa İnsan Haqları Konvensiyası"nın 10-cu maddəsində göstərilib ki,  "Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur". 10-cu maddənin 2-ci hissəsi isə bu hüququn məhdudlaşdırılacağı halları və hansı əsaslarla məhdudlaşdırıla biləcəyini göstərir. Belə ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik; ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə; iğtişaşın və ya cinayətin qarşısını almaq üçün; sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün; digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün; ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Konvensiyada ifadə azadlığının məhdudlaşdırılması üçün sayılan bu əsasların aşağıdakı şərtlərə də uyğun olması zəruridir. Belə ki, Mülki və siyasi hüquqlara gətirilən məhdudiyyətlər qanunlarda olmalı və dəqiq ifadə edilməlidir, həmçinin məhdudiyyət Avropa İnsan Haqları Konvensiyasında göstərilən hüquqların birinə hökmən əsaslanmalıdır. Məhdudiyyət "demokratik cəmiyyətdə zərurilik" testindən keçirilməlidir və hüquqların tətbiqində heç bir halda ayrı-seçkiliyə yol verilməməlidir. Azərbaycan Respublikasının ratifikasiya etdiyi sənədlərdən biri də BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktıdır. Bu Paktın 19-cu maddəsi hər kəsin ifadə azadlığı və informasiya əldə etmək hüququnu təminat altına alıb. Sənədə əsasən hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir. Həmin maddənin 3-cü bəndində isə məhdudiyyətləri doğuran əsaslar və şərtlər sadalanmışdır. Xatırladaq ki, bu maddənin 2-ci bəndində göstərilən hüquqlardan istifadə olunması xüsusi vəzifələr qoyur və məsuliyyət tələb edir. Belə ki, bu, bir sıra məhdudiyyətlərlə bağlı ola bilər. Lakin onlar qanunla müəyyənləşməli və aşağıdakıların təmin edilməsi üçün zəruri olmalıdır. Bu zərurətlər başqalarının hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlıq, yaxud mənəviyyatının qorunmasından ibarətdir. BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında Paktı"nda müəyyən edilən haqların məhdudulaşdırılmasının əsasları və şərtlərini belə sıralamaq mümkündür: Mülki və siyasi haqlara gətirilən məhdudiyyətlər hökmən qanunlarla olmalı və dəqiq göstərilməlidir; başqalarının hüquqlarına və adına hörmət edilməsi məqsədi ilə olmalıdır (şəxsin özəl həyatına müdaxilə önlənməlidir); dövlət təhlükəsizliyinin qorunması məqsədi daşımalıdır; ictimai asayişin mənafelərini qorumalıdır; əhalinin sağlamlığının qorunmasını hədəf seçməlidir; mənəviyyatın qorunması üçün nəzərdə tutulmalıdır.

Hüquqşünas Mirzə Manafov qeyd edib ki, beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın milli qanunvericilik sistemində də sərhədlər müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiyasında ifadə azadlığı və məlumat azadlığı ayrı- ayrı qoruma altına alınıb. 47-ci maddədə "Hər kəsin fikir və söz azadlığı"nın olduğu vurğulanır və "Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz" - deyilir. 50-ci maddədə isə "Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı" olduğu qeyd edilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının qadağan olduğu, kütləvi informasiyanın azadlığına təminat verildiyi bildirilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olsa da Konstitusiyanın 24-cü maddəsinə əsasən, "Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir". Azadlıqlar və hüquqlarla paralel olaraq, elə həmin maddələrdə müəyyən məhdudiyyətlərin də olduğu göstərilir. İfadə azadlığının məhdudiyyəti 47-ci maddədə aşağıdakı kimi sıralanır: irqi ədavət və düşmənçilik oyadan; milli ədavət və düşmənçilik oyadan; dini ədavət və düşmənçilik oyadan; sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Məlumat azadlığına tətbiq edilən məhdudiyyətlər isə Konstitusiyanın 50-ci maddəsində birbaşa göstərilməmiş, sadəcə "hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququnun" təminat altında olduğu bildirilmişdir. Qeyd edilməlidir ki, bu müddəa 2009-cu il avqust referendumundan sonra 50-ci maddəyə daxil edilib. Konstitusiyanın öz mətnində birbaşa göstərilməsə də, Milli Məclis tərəfindən qəbul edilən və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi daşıyan Konstitusiya Qanunu ifadə azadlığının və məlumat azadlığının məhdudlaşdırılmasına əsas təşkil edən digər halları saymışdır. Bunlar aşağıdakılardır:dövlət təhlükəsizliyi mənafeləri; sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması; cinayətin qarşısının alınması; iğtişaşların qarşısının alınması; ictimai təhlükəsizliyin qorunması; dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi; digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi; məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması; məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi. Konstitusiya Qanununda gəstərilən əsaslardan biri olan "digər şəxslərin nüfuzu və hüquqlarının qorunması" məqsədi, əslində, Konstitusiyanın özündə bir neçə maddə ilə ifadə edilmişdir. Konstutisuyanın 32-ci maddəsi şəxsin "şəxsi toxunulmazlıq hüququ"nu təminat altına alıb. Konstitusiyanın 46-cı maddəsində təsbit edilən şərəf və ləyaqətin müdafiəsi hüququ da konstitusion hüquqlardandır. Bu hüquqlar ifadə azadlığı, məlumat azadlığı və media azadlığının məhdudlaşdırılmasının qırmızı xətlərini təşkil edir. İfadə azadlığı, məlumat azadlığı və media azadlığını birbaşa tənzimləyən müddəalardan əlavə, bu hüquqların insan hüquq və azadlıqları çərçivəsində də yeri nəzərə alınıb. Bu hüquqların təminatı, habelə məhdudlaşdırılmasına əsas olan faktorlar 71-ci maddədə bir daha vurğulanmışdır. Maddəyə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Əsasən sərhədsiz hüquq və azadlıq olmur. Bu nəzərə alınmış və 71-ci maddədə göstərilmişdir ki, "Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz: "Jurnalistlər bilməlidir ki, onların digər hüquq və azadlıqları ilə yanaşı İfadə azadlığının və məlumat azadlığının da həyata keçirilməsi müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən Azərbaycan Respublikasının beynəlxalq öhdəliləri nəzərə almaqla qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Lakin bu hüquqların həyata keçirilməsinə qoyulacaq məhdudiyyətlərdə əhaliyə qabaqcadan məlumat verilməlidir. Hüquq və azadlıqların Konstitusiyada müəyyən edilmiş əsaslarla məhdudlaşdırılması faktorlarının yanında,  qanunlarda müəyyən edilmiş əsasları da vardır. Bu əsaslar əslində mənbəyini Konstitusiyanın və Konstitusiya Qanununun özündə göstərilən mənafelərdən alır. Belə qanunlardan biri, "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanunudur. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini göstərən KİV haqqında qanunun 10-cu maddəsində deyilir ki: "... vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ...çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir". Bu Qanunun 60-cı maddəsində kütləvi informasiya azadlığından sui-istifadəyə görə  yaranan məsuliyyət öz əksini tapıb. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31