Basqalda arxeoloji tədqiqatlar davam edir
Basqalda arxeoloji tədqiqatlar davam edir
4 Noyabr 2019 14:13 SosialAzərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sentyabr ayının sonlarından başlayaraq arxeoloji tədqiqat işləri aparılır.
Olaylar.az bildirir ki, tədqiqatlar ölkə başçısının "Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında" 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı (Basqal) arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib ki, Basqalda arxeoloji tədqiqatlara ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində başlanılıb. Məqsəd Basqal ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.
Onun sözlərinə görə, arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Sovet dönəmində klub kimi istifadə olunan, yanğına məruz qalandan sonra istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı maraqlı tapıntılar aşkarlanıb.
Q.Cəbiyev vurğulayıb ki, tədqiq olunan ərazidə Şeyx Məhəmməd məscidindən daha əvvəlki dövrlərə aid edilən digər tikinti qalıqları da aşkarlanıb. Öyrənilən ərazinin mərkəzi hissəsində yer səthindən 2,3 metr dərinlikdə, şimal-cənub istiqamətində olmaqla aşkar olunan möhtəşəm bina qalığı xüsusilə maraq doğurur. Ərazidə aparılan ilkin arxeoloji tədqiqatlar Basqalın həqiqətən də orta əsrlərdə Azərbaycanın çox mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.
Arxeoloq qeyd edib ki, axtarışlar zamanı ərazidən tapılan rəngarəng çeşidli keramika, dəmir, boyaq və daş məmulatı nümunələri, xüsusən də toxuculuq sənətinə aid artefaktlar Basqal ustalarının yaradıcı fantaziyasının hüdudlarının nə qədər geniş olduğundan xəbər verir.