“Müəyyənləşdirici şlyapa” – Hansı fakültədənik?

“Müəyyənləşdirici şlyapa” – Hansı fakültədənik?

9¾ platformasında səyahət

Şlyapa yamaqla dolu, sürtülmüş və çox çirkliydi. Sonra o tərpəndi, şlyapada deşik yarandı. Deşik ağız formasında idi və o, qəfildən oxumağa başladı:

Ola bilsin, mənim görkəmim gözəl deyil,

Amma məni mühakimə etməyin.

Məndən ağıllı şlyapa tapa bilməzsiniz

Orada nə danışsanız da.

Papaqlar, silindrlər və qazanlar

Sözsüz ki, məndən gözəldir.

Amma onlar məndən ağıllı olsalar,

Mən özümü nahar vaxtı yeyərdim.

Sizin bütün  fikirlərinizi duyuram

Məndən heç nə gizlədə bilməzsiniz.

Məni geyinin və mən sizə deyim

Kiminlə oxumalı olacaqsınız.

Coan Ketlinq Roulinqin yeddi roman və onun əsasında çəkilmiş filimlər seriyası olan Harry Potter seriyasının kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkir. Kitabda (bütün seriyalarda) dostluq, cəsarət, ailə bağlılığı, inandığın dəyərlər üçün savaşmaq və fədakarlıq kimi məsələlər təbliğ edilir. Bu həm tərbiyəedici, həm də maraqlıdır. Roulinqin təxəyyülünə heyran qalmamaq mümkün deyil.  Təsəvvür edin, müəyyənləşdirici şlyapa xarakteri təyin edir və tələbənin hansı fakültədə oxuyacağına qərar verir. Əslində hər kəs gündəlik həyatında zaman-zaman belə bir şlyapanın mövcudluğuna ehiyac duyur. O kimin daha etibarlı, cəsarətli, sadiq, yaxud hiyləgər, xain və yaxud da qorxaq olduğunu daha əvvəldən öyrənməyə kömək edir. Şlyapa onu geyinənin xarakterini bütünlüklə bir neçə dəqiqə ərzində sizə təqdim edir.

Qayıdaq gündəlik həyatdan yalnız 9¾ platformasından yola düşülən Hoqvartsa.

Hoqvarts dörd fakültəyə bölünür və hər fakültənin yerləşdiyi ev öz banisinin soyadını daşıyır: Qodrik Qriffindor, Salazar Slizerin, Rovena Ravenklou, Helqa Haflpaff.

Hər bir fakültə Hoqvarts əməkdaşlarından birinin rəhbərliyi altındadır. Onlar tələbələrə vacib məlumatları verir və nəzarət edir, ciddi cəza məsələləri ilə məşğul olurlar. Bütün fakültələrin ümumi otaq və yataqxanaları var və bəzi istisnalar olmaqla, digər fakültələrə məxsus olan tələbələr üçün bura daxil olmaq mümkün deyil. Bu fakültələr tədris ili boyu mübarizə aparır və fakultə kuboku üçün xal qazanmaq uğrunda yarışırlar. Hər fakültə həmçinin Kviddiç kuboku yarışlarında öz Qviddiç komandası ilə mübarizə aparır. Bu iki yarış fakultələr arasında rəqabət yaradır.

Şlyapa oxuyur:

Ola bilsin ki, sizi "Qriffindor" gözləyir,

O onunla məşhurdur ki, orada cəsarətlilər oxuyur

Onların qəlbi cəsarət və güclə doludur

Üstəlik, onlar nəcibdirlər.

Müəyyənləşdirici şlyapanın da dediyi kimi bu fakültə cəsarəti, igidliyi, təmkinliliyi və cəngavərliyi təcəssüm etdirir. Roulinqə görə Qriffindor təxminən alov ünsürünə uyğundur. Onun talismanı şirdir. Kim belə dostları olsun istəməz ki? Lakin insan xarakterinin dərinliyinə varmağa sehirli şlyapanın belə gücü çatmaz. Roulinq bunu 5-ci kitab "Simurq ordeni"ndə də çox gözəl ifadə edir. 28 nəfərdən ibarət "qaranlıq sənətlərə qarşı mübarizə" adlı gizli qrup xainlik səbəbilə dağılır. Hər kəs səbəbkarı başqa fakültələrdə axtarsa da o məhz çox güvənilən Cho adlı qız olur. Hər kəs bunu böyük təəccüblə qarşılayır. Aydın olur ki, seçiçi şlyapanız belə olsa xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Ən güvənilən insanla xain çıxa bilər.

Şlyapa oxuyur:

Ola bilsin ki, sizin taleyiniz "Haflpaff"dır

Orada heç kim əməkdən qorxmur

Orada hamı etibarlı və sadiqdir

Və ürəkləri səbrlə doludur.

Müəyyənləşdirici şlyapanın da dediyi kimi bu fakültə çətin işi, səbri, ədaləti və sədaqəti təcəssüm etdirir. Onun talismanı porsuqdur. Yazıçıya görə, Haflpaff təxminən torpaq ünsürünə uyğundur. Lakin, uşaqlar bu fakültədə oxumaq istəmirdilər. Orada ən küt və axmaq tələbələrin oxuduğunu düşünürdülər. Özgüvəni olmayan tələbələr bu səbəbdən Haflpaffa seçilməkdən qorxurdular. Lakin Roulinq yenə də yanıldır. Alov kuboku yarışlarının ən məşhur, güclü və sevilən tələbəsi Sedrik Didqori məhz bu fakültəni təmsil edirdi. Sedrik o qədər şöhrətlənir ki, hətta baş qəhrəman Potteri belə geridə qoyur. Roulinq öz qələmində Sedrik Didqorini qəhrəmancasına öldürür. Harry Potter filmləri içərisində Sedrikin (Robert Pattinson) ölüm səhnəsi ən acınacaqlı və duyğusal iki səhnədən biri hesab edilir. Sedrikin şöhrətindən və ölümündən sonra axmaq və küt adlandırılan Haflpaff tələbələrinin nüfuzu artır. Yazıçı göstərir ki, kənardan ən gücsüz və zəif görünən bir insan belə hər kəsi təəccübləndirərək böyük uğurlar qazanmağa qadirdir.

Şlyapa oxuyur:

Əgər beyninizdə hər şey qaydasındadırsa,

Sizi çoxdan bilik çəkirsə,

Yumorunuz və elmləri öyrənmək əzminiz varsa,

Onda sizin yolunuz "Reyvnklou"ya doğrudur.

Müəyyənləşdirici şlyapanın da dediyi kimi bu fakultə zəka, yaradıcılıq, təlim və hazırcavablığı təcəssüm etdirir. Roulinqə görə, Reynvklou təxminən hava ünsürünə uyğundur. Onun talismanı qartaldır (bəzi tənqidçilərə görə qarğa daha uyğundur) Reyvnklou yeganə fakültə binasıdır ki, içəri daxil olmaq üçün parol deyil, çətin bir tapmacanı tapmaq tələb olunur. Reyvnklou üçün məntiq hər şeydən öndədir. Slitern və Reyvnklou arasında incə bir xətt var. Reyvnklou professoru Gilderoy Lockhart ucuz şöhrət arxasınca qaçan və bunun üçün bütün hiyləgər saxtakarlıqları edən biri kimi daha çox Slizern fakültəsinə aid edilirdi. Daha bir Reyvnklou professoru Quirinus Quirrell zəkası və məntiqi ilə bu fakultəyə zidd idi. Qara lord Voldemordun daşıyıcısı olan professor düşünmədən öz sonunu hazırlayır. Helena Reyvnklou fakültənin yaradıcısı olan anasını qısqandığı üçün düşünmədən bilgəlik tacını gizlədir və sonda anasının təşəbbüsü ilə Qanlı baron tərəfindən öz ölümünü gətirir. Aydın olur ki, zəka və məntiqi hiyləgərlik və hirs ilə qarışıq işlətdiyin zaman bu ucalıq deyil, sadəcə bədbəxtlik gətirir.

Şlyapa oxuyur:

Ola bilsin, sizə "Slizerin" qismət olacaq

Orada özünüzün ən yaxşı dostlarınızı tapacaqsınız

Orada hiyləgərlər öz məqsədlərinə doğru gedirlər,

Heç bir yoldan utanmırlar.

Müəyyənləşdirici şlyapanın da dediyi kimi bu fakültə hiyləgərlik, liderlik və hazırcavablığı təcəssüm etdirir. Roulinqə görə, Slizerin təxminən su ünsürünə uyğundur. Onun talismanı ilandır. Yazıçının ən böyük yanıltması məhz bu fakültədə özünü göstərir. Yarımqan şahzadə Severus Sneyp Slizern fakültəsinin rəhbəri qəddar və tərs professorudur, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və başqa fakültələrin tələbələrini cəzalandırır.  Əsərin sonuna kimi oxucu Sneypinantoqonist obraz olduğunu düşünür. Lakin sonda Harri öz öğluna Sneypin adını verir... Və onun həyatda tanıdığı ən cəsur adam olduğunu deyir. Məlum olur ki, professor göründüyünün əksinə Potterin hər zaman ən böyük qoruyucusu olub. Onun Lily Potterə olan məhəbbəti üzərindən illər keçsə də bitmir. Snape son nəfəsinə kimi Potterin qoruyucusu olur. Sonda göstərilir ki, qəddar, hiyləgər və sevgisiz görünən Slizern fakültəsinin rəhbəri olan bir sehirbaz qəlbində ən böyük məhəbbəti saxlayan yarımqan şahzadədir. Snape bu xüsusiyyətlərinə görə Grifondor fakültəsinə layiq görülürdü. Lakin o cəsur bir Slizernli olaraq qaldı.

Harry Potterin bütün kitablarında irəli çəkilən fikirlərdən biri də odur ki, insan seçimləri ilə yaşayır.Bunu müəyyənləşdirici şlyapada da aydın görürük. Şlyapa fakültəni təyin etsə də tələbənin hara keçmək istədiyini dinləyir və onun seçimi ilə qərarını verir. Bunun ən böyü örnəyi isə Qara lordun bir hissəsini özündə saxladığı üçün Slizernə təyin olunacaq Harrynin sırf özü istədiyi üçün şlyapa tərəfindən Qrifondora seçilməsidir.

Roulinq aşılayır ki, öz inamınız və seçiminiz hansı yoldadırsa əlbəttə orada da irəliləyəcəksiz. Bunun  üçün sizə sehirli şlyapa belə mane ola bilməz.

Necə ki, o oxuyur:

Məndən qorxmayın, cəsarətlə başınıza qoyun

Mən sizin taleyinizi öncədən deyəcəm

Bunu başqa adam edə bilməz.

Siz etibarlı əllərə düşmüsüz

Mən əlsiz olsam da

Özümlə fəxr edirəm.

Bəs siz özünüzü hansı fakültədə görürsüz?

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31