Kasıb olmaq ayıb deyil...
Bir ailənin acı hekayəsi "Bircə evim olsun... Çox istəmirəm ki, bir otaqlı olsa, bəsimdi. Hamımız o otağın işığına yığışarıq. Adamın öz evinin olması başqadı. .." Müsahibim sözlərinə belə başlayır.
1 Noyabr 2019 14:52 SosialBir ailənin acı hekayəsi
"Bircə evim olsun... Çox istəmirəm ki, bir otaqlı olsa, bəsimdi. Hamımız o otağın işığına yığışarıq.
Adamın öz evinin olması başqadı. .." Müsahibim sözlərinə belə başlayır.
Olaylar.az paytaxtda müvəqqəti məskunlaşmış Masallı rayon sakini 30.09.1980-ci ildə anadan olan Hüseynov Taleh və 11.11.1990 -ci ildə anadan olan Hüseynova Şöhranın dərdini dinlədi. Hüseynovlar ailəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış sahəsində yaşayırlar. Onlar 2012 -ci ildə ailə həyatı qurublar. Bir müddət Masallı rayonunda yaşayıblar. Lakin burada daimi iş tapa bilmədikləri üçün ümidlərini paytaxta bağlayıb, Bakı şəhərinə köçüblər. 2013-cü ildə dünyaya gələn Jalə artıq birinci sinif şagirdidir. Jasmin isə hələki bütün bu çətinliklərdən xəbərsiz böyüyür... Ailə xeyirxah bir insanın çox ucuz qiymətə, təmirli bir otaqlı evində kirayə qalır. Artıq 4 aydır ki, evin pulunu verə bilmirlər...
Bir də ən böyük problemləri işsizlikdir. Ən böyük arzularından biri həyat yoldaşının və özünün daimi iş tapa bilmələridir. "Gündəlik işlərlə dolanmaqda çətinlik çəkirik. Bəzən olur, bəzən də günlərlə, həftələrlə iş olmur. Ac- susuz qalırıq. Yaxşı ki, qonşularımız var. Onların sayəsində bu günə qədər sağ qalmışıq. Hərəsi evində bişən yeməkdən bir az verirlər. O yeməkləri birinci uşaqlara veririk. Onlar doyandan sonra əgər nəsə qalarsa biz də yeyirik."
Şöhran ən çox sevdikləri bayramın Qurban bayramı olduğunu deyir. "Qurban bayramını həsrətlə gözləyirik. Həmin gün evimizdə o qədər ət olur ki..." Sevincdən gözləri parıldayır, ağlayır... "Uşaqların, bizim doyunca ət yediyimiz gün Qurban bayramı olan gündür." Tez sözlərinə bunu da əlavə edir: "Kasıb olmaqdan utanmırıq. Burada ayıb heç nə yoxdu ki... Hərənin bir müddətə qədər çətinliyi olur. Sonra hər şey düzəlir, yaxşı olur. Həyat növbə ilə hamının üzünə gülür, güləcək" deyir, ümidlə...
Rəsmi qurumlara dəfələrlə müraciət edib. Amma nə fayda... Vəzifəsi vətəndaşın dərdinə əlac etmək olanlar, onlara Bakı şəhərini tərk etmələrini əmr ediblər. Və üstəlik ərazidə boş torpaq sahəsinin olmadığını da iddia ediblər. Amma ərazidə o qədər boş torpaq sahəsi var ki...
Prezident Aparatına, vitse-prezident Mehriban xanım Əliyevaya dəfələrlə məktub yazdığını deyir. Amma bəzi məmurlar ölkə rəhbərliyinin onlara verdiyi səlahiyyəti yerinə yetirmək əvəzinə, vətəndaşdan ölkə rəhbərindən, vitse-prezidentdən gələn məktubu gizlədiblər. "Mən prezidentimizdən, onun idarəçiliyindən çox razıyam. Bilirəm ki, ölkə başçısı məmurların, aidiyyatı qurumların bu cür özbaşınalıqlarından xəbərsizdir. Cənab prezident onlara etimad göstərib ki, vətəndaşların sosial problemlər yerindəcə həll olunsun. Amma onlar bizə zor tətbiq etmək istəyirlər. Qəbul otaqlarında vaxtlarını bizi dinləməkdən çox hərbə-zorba gəlməyə sərf edirlər. Axı biz bu ölkənin vətəndaşlarıyıq. Niyə bizimlə bu cür qeyri-insani davranırlar ki?..."
Şöhran deyir ki, atası sosial yardım almaları üçün çox çalışıb: "Amma Masallı rayonunda səlahiyyətli şəxslər bildiriblər ki, yardımın ilk altı ayını biz alacağıq, sonra sizə verəcəyik. Ona da biz razılaşmadıq. Yoldaşımın səhhətində problemlər var. Hər işdə işləyə bilmir. Mən yayda xalçalar yuyurdum. İşi olmayanda o da gəlib mənə kömək edirdi. Arada kimsə evini təmizləməyə çağırarsa, 5-10 manata evlərə təmizliyə gedirəm. Bu işlər davamlı olmur. Ev kirayəsi, qızımın məktəb xərcləri, xəstələnəndə həkim, iynə-dərman pulu... bunların heç yarısını ödəyə bilmirik. Sonuncu dəfə özümüzə, uşaqlara nə vaxt geyim almışıq, xatırlamıram. Qonşularımız sağ olsunlar. Onların sayəsində uşaqlarımız, özümüz nəsə tapıb geyinirik. Onlar olmasaydı..."
Şöhranın ən böyük arzularından biri də uşaqlarının təhsilli, savadlı olmasıdır. "Mən, ataları cahilik. Heç bir təhsilimiz yoxdu. Bu gün qızımı oxutmqda çətinlik çəkirəm. Məktəb formasını qonşular verdi, kitabı məktəb versə də, iş dəftərlərini müəlliməsi aldı. Qızım oxumağı sevir. Qorxuram ki, nə zamansa maddi problemlərə görə onu oxuda bilməyim. Biz ümüdimizi qızlarımıza bağlamışıq. Onlar oxuyacaqlar. Savadlı müəllimə, həkim olacaqlar. Və biz də bu çətin günlərimizi onların uğurları ilə unudacağıq.
Qızım nəsə istəyəndə, ala bilməyəndə çox pis oluram. Mən indidən onun uşaq arzularını yerinə yetirə bilmirəmsə, gələcək arzularını necə yerinə yetirəcəm? Bütün bunları düşünəndə çox pis oluram..."
Taleh və Şöhran heç kimə möhtac olmaq istəmədiklərini hər cümlədə qeyd edirdilər. Onların bu həyatdan istədikləri özlərinə məxsus bir ev və daimi işlərinin olmasıdır. Bunlar olarsa, biz də hər kəs kimi normal yaşayarıq: "Varlı olmaq kimi bir iddiamız yoxdu, əlbəttə. Sadəcə normal bir iş və evimizin olması bizim üçün dünyadır. Xeyirxah insanlardan, səlahiyyətli şəxslərdən bizə iş və daimi yaşayacağımız, özümüzə məxsus bir otaqlı evimizin olmasına kömək etmələrini xahiş edirik."
Ay An
P.S Ailəyə kömək etmək istəyənlər "Olaylar" İnformasiya Agentliyi ilə əlaqə saxlaya bilərlər.