Ombudsmanın nümayəndəsi Beynəlxalq Konfransında iştirak edib
Ombudsmanın nümayəndəsi Beynəlxalq Konfransında iştirak edib
31 Oktyabr 2019 15:26 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun böyük məsləhətçisi Murad Babayev 28-29 oktyabr 2019-cu il tarixində Cenevrə Təhlükəsizlik Sektoru İdarəetmə Mərkəzinin (DCAF) və Bosniya və Herseqovinanın Parlamentar Hərbi Ombudsmanının birgə təşkilatçılığı ilə Sarayevo şəhərində həmin ölkənin Parlament Assambleyasında həyata keçirilən Silahlı Qüvvələr üzrə Ombudsman Təsisatlarının 11-ci Beynəlxalq Konfransında (11 ICOAF) iştirak edib. "Olaylar" xəbər verir ki, Konfransa 44 ölkədən və 3 beynəlxalq təşkilatdan 76 nümayəndə olmaqla Ombudsman İnstitutlarının hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə məşğul olan əməkdaşları və Müdafiə Nazirliyinin nümayəndələri qatılıb. Tədbir çərçivəsində möhkəm və dayanıqlı Ombudsman institutları, onların Silahlı Qüvvələrlə əməkdaşlığı, hərbi sahə üzrə Ombudsman institutları tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədar Kütləvi informasiya vasitələri (KİV) yolu ilə ictimayyətə məlumatların ötürülməsi barədə müzakirələr edilib.
M.Babayev konfransda çıxış edərək, Azərbaycan Respublikasında Hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və bu sahədə Ombudsmanın rolu barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, dövlət tərəfindən mütəmadi olaraq Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial-məişət və mənzil şəraitinin və onlara göstərilən tibbi-sosial xidmətlərinin yaxşılaşdırılması, güzəştli ipoteka kreditlərinin verilməsi və pensiyaların artırılması istiqamətində bir sıra zəruri addımlar atılıb, bundan əlavə Silahlı Qüvvələrdə xidmət edən vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləği bir neçə dəfə artırılıb.