Nurlana Əliyevanın Primakov sevgisi

Nurlana Əliyevanın Primakov sevgisi

Yaxud Nərmin Şahmarzadələrin yetişməsinə səbəb olan başlıca amillər

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi xırda məmur və məmurcuqlar bir çox hallarda öz işlərini layiqincə görmək, onlara göstərilən etimadı layiqincə doğrultmaq əvəzinə, xalqın, cəmiyyətin heysiyyatı ilə oynamağa üstünlük verir, ictimaiyyət arasında ciddi təpki yaradacaq, etiraz doğuracaq addımlar atırlar. Sözdə dövlətə, dövlət başçısına, xalqa sədaqətlə xidmət etdiklərini dedikləri halda, əməldə bunun tamamilə əksini edirlər. Bu günlərdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın timsalında  bunun daha bir şahidinə çevrildik. Baş verənlərlə bağlı artıq Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti məlumatlı olduğu üçün qısaca xatırlatma etmək istərdik. Belə ki, yayılan xəbərlərdən də aydın oılduğu kimi, Nurlana Əliyevanın rəhbərlik etdiyi Bakı Slavyan Universitetinin tələbələri Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edərək müsabiqənin qalibləri sırasında yer alıblar. Bəziləri deyə bilər ki, burada nə qəbahət var və rektor Nurlana Əliyevanın burada günahı hansı dərəcədədir, yaxud suçu nədir? Yaxud Yevgeni Primakovun siyasi fəaliyyəti, onun Azərbaycan xalqına qarşı cinayətlərindən xəbərsiz olan az sayda insanlar Nurlana Əliyevanın tələbələrinə müsabiqədə iştirak etdikləri üçün bəraət qazandıra bilərlər. Ancaq reallıq ondan ibarətdir ki, nə Bakı Slavyan Universitetinin rektoru, nə də həmin müsabiqədə iştirakçı olan tələbələrin bəraətlik heç bir tərəfi yoxdur. Lap tutaq ki. müsabiqədə iştirak edən tələbələr gəncdirlər, onların 1988-90-cı illərdə baş verən hadisələrdən kifayət qədər anlayışı yoxdur, Primakovun Azərbaycan xalqına qarşı hansı cinayətlər törətdiyindən xəbərsizdirlər. Bəs təhsil ocağının rəhbərliyinə nə ad vermək olar? Axı bu gün Azərbaycan cəmiyyətinə sanki qəhrəman kimi təqdim edilən Primakovun cinayət əməlləri məhz yaxın tariximizdə, BSU rektoru Nurlana Əliyevanın gözü qarşısında baş verib.  Azərbaycanda 20 yanvar qırğınının törədilməsində iştirak etmiş bir şəxsin yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmək üçün tələbələrinə lazım olan şəraiti yaradan Nurlana Əliyeva da bu gün deyərdim ki, Primakov qədər Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır. Əgər Primakov  1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edərək bu cinayətə qol qoyub 146 nəfər ölümündə, 744 nəfərin xəsarət almasında günahkar idisə, Nurlana Əliyeva da Primakovun qəhrəman obrazının yaradılmasına yaşıq işıq yandırmaqla onun qədər məsuliyyət daşımış olur. Görəsən Nurlana Əliyevada Primakov sevgisi haradan qaynaqlanır? Düzdür, təhsil ocağı ciddi cəhdlə özünü təmizə çıxarmağa çalışır və BSU-nun slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrəndiyini, tədris etdiyini iddia edir. Buna sözümüz yoxdur. Ancaq burada bir məqama diqqət yetirmək lazımdır. Eyni ilə Xarici Dillər Universiteti də ayrı-ayrı ölkələrin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir. O zaman  Xarici Dillər Universitetinin tələbələri də Adolf Hitler, yaxud diktator Çauşevski, uzağa getməyək körpə qatili Serj Sərkisyan barədə esse yazmalıdırlar? Yaxud Primakovla bağlı müsabiqədə nə üçün digər ali təhsil ocaqları deyil, məhz Bakı Slavyan Universitetinin tələbələri iştirak edib qalib adını qazandılar? Göründüyü kimi kifayət qədər qaranlıq və cavab verilməli olan suallar var.

Nəzərə alaq ki, Nurlana Əliyeva həm də Yeni Azərbaycan Partiyasının qadınlar təşkilatının sədridir və belə məsələlərdə ona daha həssas olmaq yaraşırdı. Çünki övladlarını itirən ailələri, anaları məhz analar, qadınlar daha çox anlayar, onların nə çəkdiklərinin fərqində olarlar. Ancaq gördüyümüz kimi Nurlana Əliyeva nəinki 20 yanvarda övlad itkisi ilə üzləşən anaları anlayır, hətta onların sinəsinə övlad dağı çəkmiş bir caninin qəhrəman obrazının yaradılmasına vəsilə olur. Xanım rektorun bu addımı həm də yüzlərlə şəhid ailəsinə, anasına qarşı hörmətsizlik, onları aşağılamaqdır. Eyni zamanda Primakovun qəhrəman obrazını yaratmaq şəhidlərimizin ruhuna hörmətsizlik, gənc nəslin beynini korlamaq, ən əsası gənclərin vətənpərvər ruhda böyüməsinə yönəlmiş əngəldir. Nurlana Əliyevanın sayəsində bu gün Primakova tərif yağdıran Azərbaycan gənci sabah 20 yanvar şəhidlərinin qəhrəmanlıqlarından necə danışa bilər axı? Sonra da sual edirik ki, Nərmin Şahmarzadələr, Səbinə Şabanovalar və s. necə yetişir, onları milli dəyərlərimizə, qəhrəmanlarımıza qarşı çıxmağa nə vadar edir? Bax budur vadar edən. Xanım rektor kimi neçələrinin "fəaliyyəti".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31