Lerik rayon İcra Hakimiyyətinə məxsus oteli kim satıb – Nəzərlər icra başçısına yönəlib
Lerik rayon İcra Hakimiyyətinə məxsus oteli kim satıb – Nəzərlər icra başçısına yönəlib
31 Oktyabr 2019 11:24 SosialAzərbaycan Jurnalistlər Birliyinin üzvü, sabiq dövlət qulluqçusu İbadov İlham Mürvət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub göndərib.
Məktubda deyilir:
"Çox hörmətli cənab Prezident!
Lerik rayonunun sabiq icra başçısı Babaəli Məmiş oğlu Ağayevlə Lerik rayonunda tikilmiş və Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hotellə bağlı söhbətlərim şəxsən olub. Babaəli Ağayev mənim xahişimi qəbul etdi, məsələ ilə bağlı xeyli açıqlamalar verdi. O, bildirdi ki, "Lerik rayonuna ikinci dəfə icra başçısı təyin olunanda həmin hoteli tikmək qərarına gəldim. Bakıdan və ölkənin digər bölgələrdən qonaqlarımız olurdu. Onları yerləşdirməkdə çətinliklər çəkirdik. Odur, rayonun büdcəsi hesabına İcra Hakimiyyəti aparatı üçün hotel tikdirmək qərarına gəldim. Aidiyyəti təşkilatları bir yerə topladım, vəsait ayrıldı, tikintini vaxtında başa çatdırdıq".
Mən Babaəli müəllimdən soruşdum ki, həmin hoteli kimsə sata və ya özəlləşdirə bilərmi? O, mənə cavabında dedi: "Xeyr, heç vaxt belə bir məsələ mümkün olan iş deyil. Hotel Lerik rayon İcra Hakimiyyəti aparatına məxsusdur. Onun satılıb özəlləşdirilməsi tamamilə qanunsuzdur". Bu, iki dəfə Lerik rayonunda rəhbər vəzifədə işləmiş, daha dəqiq desək, sovetlər dönəmində Lerik rayon Partiya Komitəsinin birinci katibi və müstəqillik dövründə isə Lerik rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş şəxsin dedikləri idi.
Qayıdaq məsələnin mahiyyətinə. Mən özüm də Lerik rayon İcra Hakimiyyəti aparatında məsul vəzifələrdə işləmişəm. Lerik rayon İcra Hakimiyyəti başçısının ən ucqar ərazisi olan Osyodərə ərazisində icra nümayəndəsi, Lerik rayon İcra Hakimiyyəti aparatında isə hüquq şöbəsində hüquqşünas vəzifələrində çalışmışam. Mənim özümün də işlədiyim müddətdə Bakıdan, respublikanın digər rayonlarından qonaqlarımız olurdu. Həmin qonaqlar İcra Hakimiyyəti aparatının ikimərtəbəli hotelində yerləşir və istirahət edirdilər.
Son vaxtlar Lerik rayon İcra Hakimiyyətinə məxsus olan o hotel qanunsuz olaraq kimlərəsə peşkəş edilib. Məndə olan məlumata görə, həmin hoteli özəlləşdirən vətəndaş onu bir qədər təmir etdikdən sonra artıq 120 min dollara satışa çıxarıb. İndi sual olunur: Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hoteli kim və hansı məqsədlə bu günə qoyub? Bəs sabah Lerik rayonuna bir qonaq gələrsə, o, harada yerləşəcək?
Sizdən xahiş edirəm ki, baş vermiş bu qanunsuz hərəkət haqqında tədbir görəsiniz. Axı, həmin hotel leriklilərin vəsaiti hesabına tikilib. Hotel leriklilərə məxsusdur. Tədbir görməyinizi xahiş edirəm".
Redaksiyadan. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq