Ədliyyə Nazirliyində "dəyirmi masa" keçirilib

Ədliyyə Nazirliyində "dəyirmi masa" keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi əhalinin mənafelərinə və iqtisadiyyatımızın möhkəmlənməsinə, qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafına xidmət edir. Dövlət başçısı tərəfindən iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı vəzifəsi qoyulub. Həmin tapşırıqlardan irəli gələn vəzifələr ölkədə fəaliyyət göstərən bankların nümayəndələri ilə Ədliyyə Nazirliyində "dəyirmi masa"da müzakirə edilib. "Olaylar" xəbər verir ki, dəyirmi masanın keçirilməsində məqsəd ölkənin sosial-iqtisadi artımında vacib rol oynayan bankların səmərəli fəaliyyəti üçün yaradılan imkanlar, onların hüquqlarının məhkəmə müdafiəsi, kredit ödənişləri ilə bağlı məhkəmə qərarlarının icrası sahəsində görülən işlər, bu sahədə problemlər və onların həlli perspektivləri barədə müzakirələr aparmaq, bankların kredit portfelinin ölkə iqtisadiyyatının real sektorunun maliyyələşməsinə yönəldilməsini təşviq etməkdir. Tədbirdə Nazirliyin rəhbərliyi və aidiyyəti struktur qurumlarının rəisləri, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və bank sektorunun rəhbər şəxsləri, bütün instansiya məhkəmələrindən hakimlər iştirak ediblər. Ədliyyə nazirinin müavini Azər Cəfərov iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunda yüksəlişin banklar tərəfindən pul və kapital dövriyyəsinin təmin edilməsi ilə sıx bağlı olduğunu bildirərək qeyd edib ki, dövlət başçısının son iqtisadi müşavirədə bankların fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları bu sahəyə diqqətin artırılmasının nə dərəcədə önəmli olduğunu bir daha göstərir. Tədbirdə bildirilib ki, bu gün ölkədə qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafı üçün ciddi addımlar atılır, bu sahəyə dövlət dəstəyi daim artırılır, sahibkarların hüquqlarının müdafiəsi gücləndirilir, ardıcıl olaraq qanunvericilik və institusional tədbirlər həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31