Ziyafət Əsgərov: “Ölkəmizdə gedən uğurlu inkişaf prosesində korrupsiya ilə mübarizə əsas yer tutur”
Ziyafət Əsgərov: “Ölkəmizdə gedən uğurlu inkişaf prosesində korrupsiya ilə mübarizə əsas yer tutur”
30 Oktyabr 2019 15:43 SosialOktyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Litva Respublikası Xüsusi İstintaq Xidmətinin nümayəndə heyətinin üzvləri ilə görüşüblər. "Olaylar" xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan parlamentinin qanun yaradıcılığı prosesindən, ölkədə korrupsiya ilə mübarizə sahəsində qəbul edilən qanun və qərarlardan, Avropa Birliyi və digər ölkələrlə ratifikasiya edilmiş konvensiyalardan ətraflı söz açıb. Bildirib ki, bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesində milli strategiyamızın tərkib hissəsi olan korrupsiya ilə mübarizə əsas yer tutur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul olunmuş, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilmişdir. Hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin işindən, qəbul edilən çoxsaylı hüquqi sənədlərdən söhbət açıb.
Litva Respublikası Xüsusi İstintaq Xidmətinin direktoru Zidrinas Bartkus səmimi görüş üçün minnətdarlıq edərək Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu iş qurulduğunu və yaxşı təcrübə əldə edildiyini dedi. Qonaq qeyd etdi ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanın bəzi təcrübələrindən istifadə edəcəklər. O, xüsusilə ASAN xidmət modelini qeyd edərək bunun korrupsiyaya qarşı mübarizədə çox səmərəli vasitə olduğunu bildirdi. Zidrinas Bartkus ölkəmizin qısa müddətdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan da danışaraq məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.