Səfər Mehdiyev Kolumbiya səfiri ilə görüşüb

Səfər Mehdiyev Kolumbiya səfiri ilə görüşüb

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən "Olaylar"a bildirilib ki, Səfər Mehdiyev iki ölkə arasında mövcud münasibətlərə toxunaraq, Azərbaycan tərəfinin Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyünün son dövrdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunduğunu bildirib.Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə fəaliyyəti barədə də qonağı məlumatlandıran Səfər Mehdiyev, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.Səfir Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib. Qonaq ikitərəfli münasibətlərin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31