Kənd Təsərrüfatı Nazirliyi sisteminə EKTİS-in tətbiqi ilə əlaqədar 38 nəfər işə qəbul olunub
Kənd Təsərrüfatı Nazirliyi sisteminə EKTİS-in tətbiqi ilə əlaqədar 38 nəfər işə qəbul olunub
29 Oktyabr 2019 16:05 SosialElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı 13 "ASAN xidmət" mərkəzində yaradılmış xidmət pəncərələrində çalışmaq üçün 38 nəfər seçilib. Bu gün Kənd Təsərrüfatı Nazirliyi sisteminə yeni qəbul edilmiş və "ASAN xidmət" mərkəzlərində xidmət göstərəcək əməkdaşlarla görüş keçirilib. "Olaylar" xəbər verir ki, görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov işə qəbul olunan əməkdaşları təbrik edərək Nazirliyin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Mahir Məlikov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. EKTİS-in və yeni subsidiya mexanizminin tətbiqinə hazırlıqla əlaqədar "ASAN xidmət" mərkəzlərində xidmət pəncərələri yaradıldığını deyən Mahir Məlikov əlavə edib ki, bu xidmət pəncərələrində çalışacaq şəxslər vətəndaşlara hərtərəfli köməklik göstərəcəklər. Aparat rəhbərinin müavini "ASAN xidmət" mərkəzlərində yeni yaradılmış xidmət pəncərələrində çalışacaq mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayıb, innovativ texnologiyaların tətbiqi, etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. O, yeni əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə tövsiyələr verib.