Yunanıstanlı təhsil işçiləri Bakıda

Yunanıstanlı təhsil işçiləri Bakıda

Yunanıstanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.

Olaylar.az bildirir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə və ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O, Yunanıstanın Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan ölkələrdən olduğunu deyib. Yunan dilinin tədrisində həmkarlarının böyük rolu olduğunu deyən rektor əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Kamal Abdulla Azərbaycanın dünya dəyərlərinə, mədəniyyətinə açıq ölkə olduğunu deyərək, Yunanıstanla birgə əməkdaşlıq nəticəsində mədəniyyətə, elmə, təhsilə yeni töhfələr verməyin mümkünlüyündən danışıb. Akademik, həmçinin özünün Afina səfərindən xatirələrini iştirakçılarla bölüşüb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova universitetin Yunanıstan universitetləri ilə qurduğu əlaqələrdən söz açıb.

Yunan dili müəllimi Mariya Delaki Azərbaycan-Yunanıstan arasındakı bənzərliklər, Yunanıstan Təhsil Nazirliyinin təhsil məsləhətçiləri Yuli Xronopulu Ritorika, Efstathia Xristopulu Yunanıstanın milli bayramlarından biri olan "Oxi" (yunancadan tərcüməsi "Yox" deməkdir) günü haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra ADU-nun tələbələri Azərbaycan və yunan dillərində "Evlərinin önü yonca" mahnısını ifa ediblər, hər iki dildə milli mahnılar söyləyib və rəqslər nümayiş etdiriblər.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31